Dərd yağır Ağrı Dağdan,
Ağırmış ağrı,- dağdan.
Çəkdiyim ağrılardan
Bağrım dəlik-dəlikdi.
Sinəmdə eşq məşəli,
Əlim külüng- tişəli.
Könlüm gahdan nəşəli,
Gahdan giryan, ləlikdi.
…Var yolunu azan ,,xan*”,
Qətlə fərman yazan ,,xan”.
Kimi üzdə Qazan Xan,
Gendə Qıpçaq Məlikdi…
Kimi harda ,,leş*” görər,
Gözü biri ,,beş” görər.
Kimi dərhal iş* görər,
Kiminki ,,hələlik”di…
Yaradıb tər tökürəm,
Düz gəlməsə…sökürəm.
Sözdən qala tikirəm,
Şairlik fəhləlikdi.