esmira

Qaşları can alan kaman, gəlmədin,
Gözlədim yolunu hər an, gəlmədin.

Qərar özünündür, özün bilərsən,
Sultanlar verərlər fərman, gəlmədin.

Qanadı yaralı quşlar kimiyəm,
Dərdimə-sərimə dərman, gəlmədin.

Gördüm ayrılıq var çəkildim geri,
Eşqimə eylədin peşman, gəlmədin.

Qurdum çadırımı, açdım süfrəmi,
Çayları da düzdüm, mehman, gəlmədin.

Qırıldı qəlbimin teli, mizrabı,
Darıxdım səninçün yaman, gəlmədin.

Əsməra ölməzdi bəlkə gəlsəydin,
Mərd ölər, diləməz aman, gəlmədin.