mm

Arzu yelkənlərin, inam yellərin,
Səmtinə baş alıb gedən gəmiyəm.
Gələcək adlanan liman illərin,
Üstünə qonacaq səhər kimiyəm.

Gümüşü dalğalar əzizlər məni,
Sanaram anamın ağ saçlarıdır.
Duyar dost ürəkli təmizlər məni,-
Onlar ki, xan çinar ağaclarıdır.

Gedirəm, çiynimdə səfər çantası,
Köksümdə həsrətdən döyünən ürək.
Taledən aldığım arzu butası,
Çəkir arxasınca məni kölgətək.

Səfərlər kiməsə həsrətin sonu,
Kiməsə həsrətin başlanğıcıdır.
Ümidim quş olub yollara qonub,
Qismətim o quşun qızıl tacıdır.

Qəlbimdən başlanan ümid yolları,
Uzanar anamın arzusu qədər.
İnam,-gələcəyin açıq qolları,
Taleyə güvənmək hədərdən hədər.

Bircə istəyimə çatana kimi,
Dəmir çarıqlarım döyənək olub,
Dözüb həqiqətdən gümana kimi,
Səbrim dayaq olub, dəyənək olub.

Köksüm günəş dolu nurlu piyalə,
İçdikcə ayıldır məni günbə-gün.
Üzü dan yerinə gedirəm hələ,
Mən öz ürəyimi duyduğum üçün.

Ümidlər, gümanlar buludluğunda,
Kövrəlib, kövrəlib uşaqlaşıram.
Durna xəyalların azadlığında,
Məchul gələcəyə uzaqlaşıram.

Arzu yelkənlərin, inam yellərin,
Səmtinə baş alıb gedən gəmiyəm.
Gələcək adlanan liman illərin,
Üstünə qonacaq səhər kimiyəm.

1988