mm

Bu gecə ağ qaldı qarşımda varaq,
Ulduzlu göylərdə xəyalım azdı.
Duyğumu, hissimi cilovlayaraq,
Gecə nəğməzini könlümə yazdı.

Bəyaz buludları sağıb ovcuna,
Körpə çiçəklərə içirdi torpaq.
Bütün insanları yığıb ovcuna,
Sanki köynəyindən keçirdi torpaq.

Elə bil, bu gecə doğuldu dünya,
Alın yazısına düşdü heyrətim.
Min sirli-sehirli nağıldır dünya,
Dinləmək qorxulu, anlamaq çətin.

Yağdı gözlərimə ulduz yağışı,
Axdı heyrətimə heyrət içində.
Dəli bir şimşəyin qəfil çaxışı,
Qəhqəhəmi çəkdi zülmət içində?

Ayı öz bəxtindən doğdu qaranlıq,
Həyat işığında göründü aləm.
Gizli görüşənlər çaşdı bir anlıq,
Bir dünya sevgiyə büründü aləm.

Bu gecə ağ qaldı qarşımda varaq,
Ulduzlu göylərdə xəyalım azdı.
Duyğumu, hissimi cilovlayaraq,
Gecə nəğməzini könlümə yazdı.

1985 “Ata ocağı” kitabımdan