mm

Açdı həqiqəti bu torpaq mənə.
Nəslimdən başlayır yaşı dünyanın.
Həzin pıçıldadı bir yarpaq mənə:
-Ömrümə son qoydu qışı dünyanın.

Şərikdir insanın hər diləyinə,
Salıb arzuları öz ələyinə,
Baxıb keçmişinə, gələcəyinə,
Heyrətdən hərlənir başı dünyanın.

Damlayıq bir ümman qayğı içində,
Acizik min sual-sorğu içində,
Yaşayir ömrünü qorxu içində,
İnsanı, ağacı, quşu dünyanın.

Əsməyib əlində tale qələmi,
Yazanda, böləndə sevinci, qəmi,
Şərqdə gülür üzü lap uşaq kimi,
Qürubda çatılır qaşı dünyanın.

İkilik doğulub özündən onun,
Qismətim boylanır gözündən onun,
Bezdim deyən yoxdur nazından onun,
Baldır zəhəri də naşı dünyanın.

Dayanıb üz-üzə haqla-nahaqla,
Sirri, müəmması, sığışmaz ağla,
Müzəffər, bir yolluq yadında saxla,
Sərxoş əlindəyik kaşı dünyanın.

17.05.1987