Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist
GÖTÜRMÜR
Əsmə hər bir yarpaq üstə,
Bu ağac balta götürmür.
Yük olanı torpaq üstə,
Torpağın altı götürmür.
Nə sızlarsan, viran könlüm,
Öz içinə varan könlüm.
Dərdə könül verən könlüm
Başqa ovqatı götürmür.
Bıçaq kürəyə yol tapır,
Haram – çörəyə yol tapır.
Çat hər ürəyə yol tapır,
Ürək hər çatı götürmür.
Ölümü almam eynimə,
Əgər batmasa beynimə,
Dar ağacı, çox öyünmə,
Bu boğaz çatı götürmür.
GƏLDI
Bu örkən uzun örkəndi,
Durum dolanım bu kəndi.
Gözümün yaşı tükəndi,
Yerindən qara qan gəldi.
Göylərdən bir ulduz axdı,
Gördüm ki, yolum uzaqdı.
Təzə yurd saldığım vaxtı,
Bu karvan haradan gəldi.
Yön alım dedim haraya,
Yön alım gedim haraya.
Ağ ağa qənim, qaraya
Nə gəldi qaradan gəldi.
Bu sayaq yaşayammadım,
Başayaq yaşayammadım.
Mən oyaq yaşayammadım,
Hər dərd də röyadan gəldi.
Salma dedim çəp yerinə,
Biçdiyini səp yerinə.
Bu səhər də sübh yerinə,
Ömrümə qara dan gəldi.
Bir qəti hökm aradım,
Bu ömrü nakan aradım.
Bir özgə məkan aradım,
Dadıma yaradan gəldi.