Evin işığıdı, yaraşığıdı,
Dadıdı, duzudu evin qadını.
Yaxşısı sərvətdi, vardı, dövlətdi,
Halal-haqq yazıdı evin qadını.
Odur el içində hörmət gətirən
Kişi şərəfinə, kişi adına.
Zaman-zaman adlı-sanlı kişilər,
Borclu olub evindəki qadına.
Əkinçidir,biçinçidir hər zaman,
Ən dar günə xırmanında dəni var.
Dərdi könlündədir, yükü çiynində,
Anadır, hər dərdə dözən günü var.
Ağ gündə ağ olar, qarada qara,
Aldanandı hərdən yar olanda da.
Bəzən bir namərdlə çürüdər ömrün,
“ Yoluna göz dikər yorulanda da “.
Tanrıdan olsa da hər gözəlliyi,
Nə qədər bəzənsə yenə də azdır.
Heç kəs axtarmasın çöldə xoş günü,
Ömür öz evində bahardır, yazdır.
Kişinin ən ağır dərdi, əzabı,
Qadınla bölünüb azalmalıdır.
Ən gözəl nəğmələr, gözəl şeirlər
Evin qadınına yazılmalıdır.