vy

Həyatımda tək mirvarım,
Göz bəbəyim, uzaq yarım.
Lap kəsilib ixtiyarım,
Həsrət bizə yaraşarmı?

Daim xəyal qurar aşiq,
Vəsf etməyə sözüm əskik.
Nazın belin kimi nazik,
Əlim vursam, dolaşarmı?

Ağ üzündə xalın gördüm,
Gözüm qaldı, gözə gəlmə!
Aşiqini salma qəmə,
Sevinc qəmə bulaşarmı?

Xar olmağa gücüm yetməz
Məhəbbətin yollarında.
Qolbaq olsam qollarında,
Yarım mənlə savaşarmı?

Bilən bilir haralıyam,
Eşq oxundan yaralıyam.
Sevdalımdan aralıyam,
Görən, fikrim qarışarmı?

Məni dərdə salan dilbər,
Gecə keçər, sən gəlməzsən.
Nə çəkirəm, heç bilməzsən,
Ürək gizlin danışarmı?

Vüsal qalar saya-saya,
Göz yaşları dönər çaya.
Haray salsam bu dünyaya
Məndən səbəb soruşarmı?