Allahdır insanı göyə qaldıran,
Ucalmaq eşqinə hərə düşməsin.
Qadın o qadındır, kişi o kişi,
Tamahı qızıla, zərə düşməsin!
Tanrım, eşit sözlərimi dilimdən,
Qoru yaxşıları vaxtsız ölümdən.
İsmətsiz ,,qadın”ın bəd əməlindən,
Ərkanlı bir kişi şərə düşməsin.
Bülbüllər dolansa bağça-bağları,
Xoş keçər ömrününün gözəl çağları.
Tülkü, çaqqal qoy gəzməsin dağları,
Aslanın bəxtinə dərə düşməsin.
Qananlar baxmasın qanmaz əlinə,
Ağıllını düçar etmə zülümə.
Palanı mindirib atın belinə,
Yəhərin qisməti xərə düşməsin.
Mais, ağrımasın ayağın, qolun,
Arif olanlarla bir yerdə olun.
Deyirəm, həyatda heç zaman yolun,
Qanmazlar cəm olan yerə düşməsin!