photo

Dön özünə bax!

Bir dəli oğlanam dünya gözümdə
Beş qəpik dəyəri verməyir inan.
Məni fikirləşən dərdimi çəkən
Get öncə özünün dərdlərinə yan.

Bax dünya kürkünə bürünmüsən sən
Bu kürkü soyunsan sanki ölərsən.
Amma bilginən ki, mütləqdir bir gün
Kürün arxasınca baxıb gülərsən.

Bu gülüş içinin ağrısı olar
Həqiqət mülkünün oğrusu olar.
Sənin heç bir zaman düşünmədiyin
Yalançı dünyanın doğrusu olar.

Bax… nə qədər ki gec deyil oyan
Haqqa doğru yolun üstündə dayan.
Əgər sarparsansa bu yoldan kənar
O zaman haqqındır, cəhənnəmdə yan.

“Bir əsgərin vida anı”

Vətən xidmətinə gedirəm canım!
Sən oğlunu geri dönməz say ana…
Namərd gülləsinə tuş gəlsəm birdən,
Dua eylə! Sənin duan mənimçün,
Son ümüddür təsəllidir ay ana!
Sən oğlunu geri dönməz say ana!

Əgər ölümümlə qoruyacamsa,
Yüzlərcə körpənin qığıltısını.
Gözümdə zərrəcə ölüm adında,
Qorxu yoxdur, sədaqət varay ana!
Sən oğlunu geri dönməz say ana!

Hər kəsə yaradan verməyib bil ki,
Üzü ağ, şərəfli ölüm yolunu
Anacan gözündən yaşları tez sil..
Ağlama,məğrur ol… hər bir əsgəri,
Bundan sonra öz oğlun bil ay ana!
Sən oğlunu geri dönməz say ana!!!