rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

Gəlsə də yay fəsli,yaylaqda yazdır,
Heç solmaz dağların gülü,çiçəyi.
Zirvə yay tanımır,hey qarı vardır,
Qırov bağlayıbdır dağın birçəyi.

Rayihə bürüyüb yalı,çəməni,
Şəfalı bitkilər ürkəkcə baxir.
Yamaclar yamyaşıl,sanki səməni,
Qar suyu dərədə şur ilə axır.

Baldırqan,gicitkən,qaraqınığa,
Lilpar qantəpərə qaş-göz eyləyir.
Süsən,solmazgülü yanaq-yqnağa,
Həmərsün səhləbə nəğmə söyləyir.

Əsgərtək düzülüb çobanyastığı,
Seyrana çıxıbdır boymadərənlər.
Yemşanın təzəcə “tərləyir bığı”,
Quşburnu,kəkotu,-olğun ərənlər.

Güc alıb çisəkdən,çəndən,dumandan,
Ələyəz,əvəlik şux,dilim-dilim.
Təkqıçlı göbələk boylanır qından,
Boyunu göstərir şomu,cincilim.

Yarpız,nanə,çaşır,quzuqulağı,
Şövq ilə sarmaşıb,girib qol-qola.
Dövrəyə alaraq nazlı bulağı,
Gizlicə,həsrətlə baxırlar yola.

Buz kimi havası,ətirli mehi,
Sanki bir behiştdir bulud kölgəsi.
Məst edir ruhları ot,çəmən şehi,
Dövran,bir cənnətdir Odlar ölkəsi.