Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatı
YURDUMUN
Cavanşirlər yetiribdi, bu torpaq,
Mübarizdi hər döyüşdə, üzüağ,
Öndərlərin yolu bizə bir çıraq,
Gəlin, bu yollarda, birlikdə olaq.
Yüksəlir sədası hər gün ordumun,
Həzisi var, Mehdisi var yurdumun!!
Dərəsinə, dağına qəlb aşıqdı,
Cizgiləri zəngindi, qarışıqdı,
Əcəmisi, Səttarı yaraşıqdı,
Könlüm bu gözəlliyə sarmaşıqdı,
Məhsətidi pak amalı arzumun,
Natavanı, Nigarı var yurdumun!!
Düşmənlərin ağlın lərzəyə salan,
Xalqın yaddaşında şərəflə qalan,
Sinəsində Vətənə sevgi yanan,
Ölümdən qorxmayıb, torpağın anan,
Ürəyimdə ən imanlı andımın,
Mübarizi, Ramini var, yurdumun!!
İrəvan, Göyçədi, ümid yerimdi,
Dəmirqapı Dərbənd öz Vətənimdi,
Təbriz, Borçalıdı, doğma elimdi,
Bakı, Naxçıvandı, qaşı yurdumun,
Ucalıb göylərə başı yurdumun,
Qızıldı, yaqutdu daşı yurdumun!!
SƏNİ SEVMƏMİŞDİM İTİRMƏK ÜÇÜN
Nələr gəldi sevgimizin başına,
Leysan yağdı, kipriyinə, qaşına,
Yol gedirəm, bir işığın tuşuna,
Harayımı sənə yetirmək üçün,
Səni sevməmişdim, itirmək üçün!
Sənsən sevgi dünyam, belə deyirdin,
Gümanıma, bir aydınlıq gətirdin,
Hardan sən özünü mənə yetirdin?!
Qızılgül bəslərəm, bitirmək üçün,
Səni sevməmişdim itirmək üçün!
İndi ki, belədir, unut beləcə,
Gözləyəcəm sınıq bəxtim gülüncə,
Bir sevgi istərəm, gəlsin gizlicə,
Nisgili aradan götürmək üçün,
Səni sevməmişdim itirmək üçün!