mayisexanim

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatı

XOCALI

Səndən sonra, yuxularım acılı,
Körpələri odda yanan Xocalı…
Əzrayıl gətirdi vaxtsız əcəli,
Solub çəmənləri, solubdu bağlar,
O cənnətməkana ürəyim ağlar.

Yetişmədi arzuların toxumu,
Aparmısan gözlərimdən yuxumu.
Ömür bitdi, qalıb azmı-çoxumu,
Xocalım gedibdi, kimsəsiz dağlar,
O yerlərçün gözüm, ürəyim ağlar…

Xocalım, gözəllik əzəl canında,
Laləzar güllərin rəngi qanında,
Gəzmişik çiçəkli yaşıl donunda,
İzləri dağlarda əmanət saxlar,
O cənnətməkana ürəyim ağlar.

Yandı bu yoxluğa, həm qurum, yaşım,
Xocalımda getdi igidim, naşım.
Elə bu dərdlərə ağardı başım!!
Bəlkə də, qayıtmaz getdi o çağlar,
O yerlərçün gözüm, ürəyim ağlar…

MƏNƏ SEVGİDƏN DANIŞ

Baxma mənə şübhəli,
Sənsən sevgi telləri,
Qovuşmaqçun sevgilim,
Hey sayıram günləri,
Sənsiz hər kəlməm yağış,
Gözlərimə qonar qış.
Sən Allah yalvarıram,
Mənə sevgidən danış!

Gözlərini görəndən,
Qəm, kədəri atmışam,
Sənə qovuşmaq üçün,
Nələrə qatlaşmışam,
Haqsızlığa inciyib,
Küsmüşəm, ağlamışam,
Gəl keçək bu sədləri,
Sən də mənim tək alış!
Sən Allah yalvarıram,
Mənə sevgidən danış!

Firtinalar qovlayıb,
Zaman məni yıxıbdı,
Titrəyərək qalxmışam,
İldırımlar çaxıbdı.
Sevgi haraylamışam,
Gözdən leysan axıbdı,
İnandığım, tək sənsən!!
Taleyimə gəl qarış,
Sən Allah yalvarıram,
Mənə sevgidən danış!

Gözəllik aşiqisən,
Baxışını sezmişəm,
Bilirsən ki, qısqancam,
Özümdən də bezmişəm,
Neçə yaman dilləri,
Nankorları əzmişəm,
Gəzdiyin hər döngəni,
İzlərəm qarış-qarış,
Sən Allah yalvarıram,
Mənə sevgidən danış!!

Susuz səhralar kimi,
Leysan yağış istərəm.
Tanrıdan bir möcüzə,
Xoşbəxt naxış istərəm,
Məni sevən kimsədən,
Yalnız alqış istərəm,
Taleyin yazısıyla fikirləşmə,
Gəl barış!!
Sən Allah yalvarıram,
Mənə sevgidən danış!