abdullamuellim

Mərhum yazıçı,həmyerlim Rahim Dünyamalının əziz xatirəsinə.

Bu daş ağaran daş deyil,
Yusa da yağış,qar daşı.
Bu daşda əcəl göyərib,
Bir də göylərin qarğışı.

Qan damır daşın gözündən,
Ağarır başım sözümdən…
Cavandır yaşım özümdən,
Cavandır hələ göz yaşım.

Bu daş əzəldən ölçülüb,
Dərdi boyuma biçilib,
Gözümdə Dünya kiçilir,
Heç olur sənsiz,qardaşım.

Daşdan keçən sözün yaşdır,
Ocağında közün yaşdır.
Qara geyən dözüm yaşdır,
Yaşdır ağaran baş daşın.

Nəyin vardı-verib getdin,
Söz dünyana varıb getdin.
Qərib gəldin,qərib getdin,
Sən öz yurdundan,yurddaşım.

Bu daş düşmür daş başlara,
Baş ağardan yad daşlara…
Sən də köçdün yaddaşlara,
Vay halına qara daşın!

Azərbaycan.Quba.
04.04.1999.
P.S.”Ulduz” jurnalında 12.2000. tarixində dərc olunub.