10646868_273655359498567_6620189188081019440_n

Dərdimin

Nəşəm qəmdən aşağıdır,
Üzümdəki yaş, ağıdır.
Gözlərimdən yaş axıdır,
Yoxdur həyası- dərdimin.

Tükənməyir, yetmir sona,
Vərdiş edib, qəlbə qona.
Gündə girir dondan-dona,
Mindi boyası,-dərdimin.

Hay verən yoxdur səsimə,
Nə zilimə, nə pəsimə.
Necə qıyım özgəsinə,
Özüm geyəsi dərdimi?

Pəl qatır, xoş diləyimə,
Hopub qana, iliyimə.
Neştər olub ürəyimə
Batır tiyəsi dərdimin.

Könül sızlar, hər gün, hər ay,
Bir kimsədən gəlməz haray.
Ürəklərdə qurub saray,
Üzdə dəyəsi*- dərdimin.

Andıra qalmış birdimi?
Dərdim açılmaz sirdimi?
Mən belə dərd istəmirəm,
Gəlib aparsın dərdini,
Kimdi yiyəsi- DƏRDİMin!!!

26.02.2015

Yoxdur

Bu həyatda ürəyincə,
Bir üzünə gülən yoxdur.
Ürəyindən keçənləri
Duyan yoxdur, bilən yoxdur.

Büdrəyəsən, yıxılasan,
Ağrılardan ,,yuxulasan,”
Yalqızlıqdan sıxılasan,
Yoluxmağa gələn yoxdur.

Könül haldan-hala düşür,
Üzündə qəmlər gülüşür.
Yetən sənnən dərd bölüşür,
Sevincini bölən yoxdur.

Ürək yanır, gözün dolur,
Üz qırışır, rəngin solur.
Hamı sənə qurban olur,
Səndən ötrü ölən yoxdur.

24.01.2015