“Sarıtel”

(saz havası)

Sənanda çalındın, Urmiyə çatdın,
Millətin içində sevda oyatdın.
Kərəm alışanda sən qəmə batdın,
Ağı dedi mizrab telə, “Sarıtel”!

Kökləndi ruhuma sazın pərdəsi,
Məni ovsunladı sehirli səsi.
Saldı tilsiminə duyan hər kəsi,
Ömrümü vermədim yelə “Sarıtel”!

Bir zaman ürəkdən çaldı Kamandar,
Düşmənin başına dünya oldu dar.
Güldü Qarayazı, sevindi Eldar,
Təbrizdə də düşdün dilə, “Sarıtel”!

Ruhumu oyatdı Savalan yeli,
Dağıtdı üzümə pərişan teli.
Təbriz ləhcəsilə Azəri dili,
Sədan gəzdi eldən-elə, “Sarıtel”!

Xoya əlim çatmır, xeyli uzaqdı,
Kəndim Dağkəsəmən, elim Qazaxdı.
Rafiqəm, odluyam, içim sazaqdı,
Dönməm vətən üçün külə, “Sarıtel”!

14 aprel 2016-cı il, Sumqayıt

Eşqin ümmanında batasıyam

Doğma torpağıma sinə gərmişəm,
Bu yolda şəm kimi hey ərimişəm,
Ana vətənimə qurban vermişəm,
O şəhid Qabilin atasıyam mən!

Canımla, qanımla yurda bağlıyam,
Vətən işğaldadır qolu bağlıyam,
İstərəm zirvəylə ülfət bağlayam,
Qucub torpağında yatasıyam mən!

Vətən torpağının ilıq nəfəsi,
Doğma övlad kimi qucar hər kəsi,
Ulu dağımızın Heydər zirvəsi,
O uca zirvəyə çatasıyam mən!

Bizlərdən vətənin üzü dönməsin,
İlahidən yanan çıraq sönməsin,
Qartal zirvələrdən düzə enməsin,
Qanımı torpağa qatasıyam mən!

Bəşəri həyatda pak edən sudur,
Rafiqin sevdası safdır, durudur,
Ulu yaradandan təvəqqəm budur,
Eşqin ümmanında batasıyam mən!

15 yanvar 2016-cı il

Sən bir dönüb can demədin

Kədər çökdü lap sinəmə,
Mən kökləndim dərdə, qəmə.
Ürəyimi deşdi qəmə,
Sən bir dönüb can demədin!

Haqqın özü dərdi bölmüş,
İti xəncər sapı gümüş.
Nələr çəkdi şair ölmüş,
Sən bir dönüb can demədin!

Hicran qəmi həlak etdi,
Ucbatından abrım getdi.
Rafiq qüssə, qəmlə bitdi,
Sən bir dönüb can demədin!

13 may 2015-ci il

Qara rəng lalədə xal olsun deyə

Buludlar səmada xeymə tikdilər,
Bağbanlar bağçada güllər əkdilər.
Nəvaziş göstərib, nazın çəkdilər,
Zəmburun ağzında bal olsun deyə!

Qönçələr düyülüb tər gülə döndü,
Qızıl ləçəkləri bir gülə döndü.
Bülbül gülə-gülə pak gülə döndü,
Lalənin yanağı al olsun deyə!

Rafiqin Vətənə yazdığı sətri,
Nə xoşdur nərgizin, sünbülün ətri.
Gözəldir toxunmuş güllərin çətri,
Qara rəng lalədə xal olsun deyə!

20 iyun 2016-cı il,Sumqayıt
Ölərəm qoynunda yatırsan məni

Vuruldum hüsnünə, yar, aşıq oldum,
Sığındım köksünə yaraşıq oldum,
Sarıldım boynuna sarmaşıq oldum,
Yenə də qul edib satırsan məni!

Dağda tülə bənzər çəni sevmişəm,
Pərişan zülfündə dəni sevmişəm,
Bütün varlığımla səni sevmişəm,
Fürsət tapan kimi atırsan məni!

Rafiqəm, bəhridə batan deyiləm,
Sevdamı hər kəsə satan deyiləm,
Özgə laylasına yatan deyiləm,
Ölərəm qoynunda yatırsan məni!

2 iyul 2015-ci il