Dupduru, saf suyun da,
Dibində çirkabı var.
Ömrün də, ölümün də,
Hesabı, əzabı var.
Bu ömür yağışından,
Taleyimə kir damır.
Ürəyimə damır ki,
Ürəyimdən sirr damır.
Suçum çox, bənzəriyəm,
İnsanlığa qıyanın.
Qoruya bilməmişəm,
Salığını dünyanın.
Bu dünyada qəribəm,
Hər şey mənə yad gəlir.
Köçdən qalan ocağam,
Hələ tüstüm yüksəlir.