Tutduqları ən müqəddəs bu yolda,
Şəhid oldu, itkin düşdü oğular.
Büdrəmədi bu aşrımda, bu yalda,
Şəhid oldu, itkin düşdü oğullar.
Vurşdular, dönmədilər geriyə,
Bəxt qoymadı həsrət buzu əriyə,
Anaların qəlbi döndü körüyə,-
Şəhid oldu, itkin düşdü oğullar.
Arzuları bir sönməyən günəşdir,
Sevgiləri göylər qədər genişdir,
Qovğalardan bu da belə dönüşdür,-
Şəhid oldu, itkin düşdü oğullar.
Tapdağına dözmədilər yadların,
Atıldılar ağuşuna odların,
Ovutmaqçın bu torpağın dərdlərin,
Şəhid oldu, itkin düşdü oğullar.
Düşmənlərə nifrətini qoruyub,
Vətəninin şöhrətini qoruyub,
Namusunu, qeyrətini qoruyub,
Şəhid oldu, itkin düşdü oğullar.
Gənc əsgərim, möhkəm saxla silahı,
İndi yurdun sənə gəlir pənahı,
Qoyma yerdə bu qisası, bu ahı,-
Şəhid oldu, itkin düşdü oğullar.
Dön şimşəyə, ildırıma, yelə sən,
Qaytar əldən gedənləri ələ sən,
O azadlıq günü üçün biləsən,
Şəhid oldu, itkin düşdü oğullar.
Atlan, mənim mərd igidim, durma, qalx!
Düşmənlərin gözlərində od ol, çax!
Eşidirsən? Haray çəkir bu torpaq:
“Azadlığım, abadlığım yolunda
Şəhid oldu, itkin düşdü oğullar!”