Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən Ədəbiyyat-Az.Com bildiriblər ki, Sumqayıtda uşaqların asudə vaxtının təşkili, mədəniyyət və incəsənət sahəsinə olan maraqlarının artırılması məqsədilə silsilə tədbirlər keçirilib.
N.Nərimanov adına mədəniyyət mərkəzində “Müasir Qafqaz Rəqsi” və “Dəcəllər” rəqs qruplarının birgə konserti bu qəbildən olan tədbirlərdəndir. Xareoqraflar Fərhad Dadaşov və Elnarə Xəlilova tərəfindən hazırlanmış konsert proqramında rəqs qruplarının ifasında milli rəqslərimizlə yanaşı qafqaz xalqlarının, eləcə də hind və özbək xalqlarının rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertdə həmçinin vətənpərvərlik mövzusunda illüziya nömrələri, o cümlədən, slink shou böyük marağa səbəb olub.
Daha bir tədbir isə S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində baş tutub.
Belə ki, uşaqların mütaliə maraqlarının artırılması və kitabxanalara cəlb olunması məqsədilə tədbir keçirilib. Uşaqlar “Payız mozaikası” mövzusunda rəngli kağızlardan istifadə etməklə öz əl qabiliyyətlərini, istedad və bacarıqlarını nümayiş etdiriblər. Valideynlərə tədbirin keçirilməsində sərbəst imkanlar yaradan kitabxana kollektivinə sonda təşəkkür edilib və belə tədbirlərin davamlı olması arzulanıb.
Xatırladaq ki, artıq uşaq şöbəsində “Bizim rənglər dünyamız” adlı guşə yaradılıb və burada oxucuların əl işlərinin nümayişinə başlanılıb.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti