GƏLDİM
Nə vaxtdı mən sənə gələ bilmirdim,
Sevdanı səninlə bölə bilmirdim,
Danışa bilmirdim, gülə bilmirdim,
Yolları yollara calayıb gəldim.
Yar oldum mehrabdan enən sevginə,
Yel oldum külünə dönən sevginə,
Eşqimi qor etdim, sönən sevgnə,
Sevgi tonqalını qalayıb, gəldim.
Könlüm ki, Könlünə olubdu həmdəm,
Daha olmayacaq nə kədər, nə qəm,
İnan, getməyəcəm, yenidən gələm,
Həsrəti, hicranı talayıb, gəldim.
17. 10. 2016
GÜNAHA BATIR
Bulud tutub göz – qaşını,
Payız tökür göz yaşını,
Yerə sərib üst – başını,
Ağaclar günaha batır!
Yuvasının yox tavanı,
Atıb, tərk edib yuvanı,
Gözə alıb ab – havanı,
Quşlar kol, ağacda yatır.
Geyib qara çuxasını,
Səma açıb yaxasını,
Alıb şimşək toxasını,
Dağı çapır, düzü çapır.
16. 10. 2016