GÖYLƏRİN EŞQİNƏ
İtirsək borcu, hesabı,
Ruh çəkəcək bu əzabı.
Göylərdən gələn kitabı,
Oxu, göylərin eşqinə.
Nurlandıraq qəlbimizi,
Qoy tox olsun qəlbin gözü,
Yaradıbdır Tanrı bizi,
Axı, göylərin eşqinə.
Mənəviyyat bilsək nədir,
Rahat olar qəlb məbədi,–
Tutanda bizi əbədi
Yuxu, göylərin eşqinə.
Yaxşılıq et savab qazan,
Allaha yaxın olasan,
Bu ömrü sanır imtahan,
Çoxu göylərin eşqinə.
TORPAQLARIMIZ
Fərəhim, iftixarım, ey qarı torpaqlarımız,
Ən qədim tariximin memarı torpaqlarımız.
Keçdi düşmən əlinə fitnə-fəsad, hiylə ilə.
İndi yoxdur əlimizdə yarı torpaqlarımız.
Hərə bir tarix icad eyləyərək işğal edib,
Amma hifz etmədədir aşkarı torpaqlarımız.
Başqasından kömək ummaqla qorunmaz ki, Vətən.
Qayıda öz gücümüzlə barı torpaqlarımız.
Gücümüz, qeyrətimiz bəs eləyər, tarixə bax,
Yetirib gör nə qədər sərdarı torpaqlarımız.
Yurdumun tarixini təhrif edənlər bilsin,
Əsla qəbul eləməz murdarı torpaqlarımız.
Bir çiçəkdir bu Vətən, bəslə, Müzəffər, gec-tez,
Göməcək üstünə qonmuş xarı torpaqlarımız.