Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü
OLUR
Nə ağırmış bu dünyanın gedişi,
Gəlişimiz bayram olur toy olur.
Nə zamansa bu dünyadan köçməmiz,
Ağrı olur, haray olur, vay olur.
Ata Ana sevinir biz gələndə,
Laylay süzür Anaların dilində.
Görürsən ki, vaxt yetişib öləndə,
Arzuların, əməllərin zay olur.
Gəlişinlə dünyada yer edirsən,
Həyat boyu taleyini güdürsən.
Vaxt yetişir bu dünyadan gedirsən,
Arxanca göz yağışları çay olur.
Zeynəb, səndə tanı fani dünyanı,
İtirdin qardaşı, Ata, Ananı.
Bu həyatda, xoşbəxt gün görən hanı,
Hərə üçün dərddən, qəmdən pay olur.
QARDAŞ YARASI
Gözümü yumuram, gözümdə odur,
Həsrətdən saralan üzümdə odur.
Hər dilimə gələn, sözümdə odur,
Necə ağır imiş qardaş yarası.
Ətrafa baxıram yanımda odur,
Cismimdə qaynıyan canımda odur.
Damarımda odur, qanımda odur,
Necə ağır imiş qardaş yarası.
Əlimi açıram, əlimdə odur,
Sızlayan qəlbimdə, dilimdə odur.
İçim odsuz yanır külümdə odur,
Necə ağır imiş qardaş yarası.
Zeynəbəm, bu ağır cağımda odur,
Gülü xəzan olmuş bağımda odur.
Zirvəsi qan sızan dağımda odur,
Necə ağır imiş qardaş yarası