Dekabrın 1-də “Hüseyn Cavid Ədəbi Məclisi”nin təşkilatçılığı ilə Yeni Yasamal 1-də yerləşən 286 saylı tam orta məktəbdə tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru İbrahim İlyaslı ilə görüş keçirildi.Kütləvi informasiya vasitələrinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə məktəblilər və poeziyasevərlər iştirak etdilər.
Tədbiri giriş sözü ilə “Hüseyn Cavid Ədəbi Məclisi”nin sədri, şair Kəmaləddin Qədim açdı. O, iştirakçıları salamlayaraq, məclisimizin fəaliyyəti barədə qısa məlumat verdi. Sonra İbrahim İlyaslının yaradıcılığını izlədiyini və şairin qələminin uğurundan söhbət açdı. Çıxış üçün söz Məclisin üzvlərindən filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzərə verildi. Adilə xanım İbrahim İlyaslını öncə milli-mənəvi dəyərlərimizə sahib çıxan, əslini unutmayan, barışdan yana, türk olmanın haqlı qürurunu yaşayan bir şair, ozan, eyni zamanda ədəbiyyatımızın, mədəniyyətimizin xidmətində layiqincə dayanan bir məsul şəxs kimi, sonra isə sirli-sehrli, irfan yolu ilə seçilən şeirlər müəllifi kimi tanıdığını, qələminin vurğunu olduğunu qeyd etdi. Şairin şeirlərindən nümünələr oxudu. Sonra çıxış üçün söz şair-publisist Mübariz Məsimoğluna verildi. O, belə ədəbi tədbirlərin məktəblərdə keçirilməsinin önəmindən danışdı, şagirdlərin Azərbaycanın şairlərini, yazıçılarını – bir sözlə yaradıcı adamlarını tanıması baxımından bu görüşlərin faydalı olacağını qeyd etdi. Şagirdlərə əlifbadan başlayaraq ümumi ədəbiyyatın nə olduğunu, şeir nədir, şair kimdir? – deyə anlatdı. Milli duyğuların aşılanması baxımından İbrahim İlyaslının şeirlərini öyrənməyi tövsiyyə etdi.
Məktəblilərdən Hüseynbəyli Əfsanə, Tağızadə Sənan, Əliyeva Aida, Vəlizadə Səbinə, Zeynalova Tamilla şairin şeirlərini qiraət etdilər.
Hüquq elmləri doktoru, professor Məhəbbət Dəmirçiyeva söz alaraq, şairi təbrik etdi, İ.İlyaslının xüsusilə təbiət şeirlərini bəyəndiyini vurğuladı. Növbəti təbrik Sultan xanımdan gəldi. O, tədbirin təşkilatçılarına və şairə uğurlar arzuladı. Daha sonra iştirakçılardan tanınmış şair və yazıçı kimi oxucular tərəfindən sevilən Vaqif Nəsib Sarıhüseynoğlu Hüseyn Cavidi yad edərək məclisimizə və şairə uğurlu yol arzuladı. O, H.Cavidin “Qız məktəbində” şeirini məktəblilər üçün səsləndirdi.
Tədbir iştirakçılarından Aləm Kəngərli, Nəriman Zeynalzadə, Kamil Məhərrəmoğlu, Arzu Nehrəmli, İlqar Türkoğlu, Niyaz Əsgərov, Firudin Şahbuz, Ələsgər Talıboğlu, Surxay Qocayev, Rəhim Mehnət, Yusif Məhəmmədoğlu təbriklərə qoşuldular və şairdən şeirlər oxumasını arzu etdilər.
Şair İbrahim İlyaslı fasilələrlə, xüsusilə auditoriyanın çoxunun məktəblilərdən ibarət olduğunu nəzərə alaraq milli ruhda yazılmış şeirlərindən səsləndirdi. O, tədbirin təşkilatçılarına və iştirak edən qonaqlara təşəkkür etdi.
Tədbirin aparıcısı, şair Kəmaləddin Qədim də öz novbəsində gələn qonaqlara, xüsusilə, tədbirin keçirilməsi üçün şərait yaradan məktəbin direktoru Samir Mehdizadəyə və iştirak edən müəllim heyətinə təşəkkürünü bildirdi. Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

Şakir RƏHMAN,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Sumqayıt şəhəri üzrə xüsusi müxbiri,
(FOTOQRAF-Foto müxbiri)