qsm

TӘXMİS

( dırnaq arasında olan beytlər Baba Pünhana məxsusdur )

Tərk etdi qular , göllər indi vağlara qaldı
Orman qırılıb , təkcə güman bağlara qaldı
Dərdin əlacı bir dənə çildağlara qaldı ,
« Həsrət dolu gözlər dikilib dağlara qaldı
Yüksəkləri verdik , ümid alçaqlara qaldı »

Dərdin yükü bir an belə düşməz belimizdən
Daşdı neçə çaylar yenə bu qəm selimizdən
Düz söz qaçaq olmuş nə zamandır dilimizdən
« Torpaqlarımız getdiyi gündən əlimizdən
Әllər uzanıb şorməzə torpaqlara qaldı »

Başlar yerə düşdü , başıboşlar başa çıxdı
Yandı qurusu od , alovu düz yaşa çıxdı
Getdi biri , gəldi yerinə lap qoşa çıxdı ,
« Allah deyən oldu , bu deyənlər boşa çıxdı
Yersiz hədə-qorxu quru barmaqlara qaldı »

Haqqı görənin gözlərini qarğalar oydu
Banklar sələm ilə nə qədər insanı soydu
Nə durdu , dayandı nə də ki , bir kərə doydu
« Şənlikdə bir alçağı şişirdib dağa qoydu
Mənlik ayaq altındaki tapdaqlara qaldı »

İndi bizə çatdı çoxu heç haqlı deyilmiş
Düşmən tərəfindən nəyimiz varsa yeyilmiş
Xilqət elə tarix boyu şiddətlə döyülmüş
« Әyri bel ilə əkdiyi də çıxdı əyilmiş ,
Yəni ki , bu xislət gələcək çağlara qaldı »

Kimlər bizə atdı badalaq gördü çəpiklər
Milyonları verdik bizəsə düşdü qəpiklər
Alqış belə bir gərdişə , sürəkli çəpiklər ,
« Bayram günü bayraqdara dəydikcə təpiklər
Bayraq kimi yüksəlmək o bayraqdara qaldı »

Qalib , yaz elə dərdi-səri , dayanma bir an ,
Bitməz bu gediş ilə , dəqiq , ah ilə əfğan
Rəhmət sənə , ustad , elədin haqq sözə imkan
« Dövlət onun uğrundakı yaltaqlara , Pünhan
Zillət vətən uğrundakı dustaqlara qaldı »

Dədə Qorquda şikayət

Dəyişib zəmanə , ay Dədə Qorqud ,
Adı rüşvət ilə alırlar indi !
Tülküyə , çaqqala pələng deyirlər ,
Aslanı taxtından salırlar indi !

Haqlının üzünə yoxdur baxanı ,
Fələk durquzammır bəndə yıxanı !
Haqqı danışanı , səsi çıxanı ,
Qaz yerinə qoyub yolurlar indi !

Məmləkət talanır gedir bir ucdan ,
Bir toxun xəbəri yoxdur bir acdan !
Şeyxülislam bilmir hardadı vicdan ,
Vicdana məəttəl qalırlar indi !

Yayılıb bu bəla Türk torpağında ,
Tuş olub zavala Türk torpağında !
Pekaka , asala Türk torpağında ,
Zəfər nəğmələri çalırlar indi !

Bundan da xəbərin yoxdu bəlkə də ,
Şamxaloğlu desin eşit , ay Dədə ,
Mərdlərə hökm edir nakişi , gədə ,
Namərdlər hər yerə dolurlar indi !

12 dekabr 2015