Tarixi və coğrafi arayış: Sumqayıt 1949-cu il noyabrın 22-də şəhər statusu alıb. Bu günlərdə 67 yaşı tamam olmuş Sumqayıt ərazisinə görə ölkənin üçüncü, əhalinin sayına görə isə ikinci böyük şəhəridir. Abşeron yarımadasının şimal-qərb sahillərində, Bakıdan 35 kilometr məsafədə yerləşir. Şəhərin tarixi 1938-ci ildə Xəzər sahilində istilik elektrik stansiyasının tikintisindən başlayır. 1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar şəhərin tikintisində fasilə yaranıb və işlər yalnız 1944-cü ildə bərpa olunub.
Vaxtilə inşaatçılar, kimyaçılar, metallurqlar, gənclər şəhəri adlanan Sumqayıt bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin 25 ili ərzində ölkəmizdə baş verən sürətli sosial-iqtisadi dəyişikliklər bütün bölgələrdə olduğu kimi, Sumqayıtın timsalında da aydın görünür. Ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olan şəhərin müasir görkəm almasında və inkişafında Ulu Öndərin böyük xidmətləri var. Onun Sumqayıta etdiyi 16 səfərin hər biri şəhərin tarixində yeni səhifə açıb.
Müstəqillik illərində şəhərdə sənayenin inkişafı geniş vüsət alıb. Kimya və neft-kimya kompleksləri modernləşdirilir, müasir sənaye parkları yaradılır. Hazırda bu müəssisələrdə müasir texnologiyalar əsasında respublika iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik sənaye məhsulları istehsal olunur.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Sumqayıtın müasir sənaye şəhərinə çevrilməsi istiqamətində uzunmüddətli strategiyanın icrasına start verilib. Bu strategiya mövcud sənaye müəssisələrinin qabaqcıl texnologiyalar, ekoloji standartlar əsasında bərpasını, müasir tələblərə cavab verən yeni müəssisələrin inşasını nəzərdə tutur, eyni zamanda, şəhər infrastrukturunun yenilənməsinə, əhalinin məşğulluğunun artırılmasına yönəlib.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində Sumqayıtın xəritəsinə yeni sənaye müəssisələri və xidmət sahələrinin adları yazılıb. Şəhərin və ətraf regionların dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə beynəlxalq standartlara uyğun 525 MVt gücünə malik elektrik stansiyası tikilib. İyirmidən çox iri istehsal sahəsinə malik Sumqayıt Texnologiyalar Parkı, yüngül sənaye məhsulları istehsalçısı olan “Gilan Tekstil” parkı, “Sağlam-Qida” Aqrar-Sənaye parkı yaradılıb. Həmçinin “İnter Tekstil” ASC-nin iplik istehsalı fabrikinin fəaliyyəti bərpa edilib, “Azərsun Holdinq” tərəfindən Sumqayıt xam kağız fabriki və qida-yağ fabriki, “Azgüntex” zavodunda iri istehsal sahələri, mis emalı zavodu, “Alyans Tekstil” MMC–nin tikiş fabriki, beton məmulatları zavodu istifadəyə verilib.
Ən uğurlu layihələrdən biri də dövlətimizin başçısının Fərmanı ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkıdır. 296 hektar sahəni əhatə edən parkda 40-dək müəssisənin inşası nəzərdə tutulub.
Görülən işlər nəticəsində Sumqayıtın büdcəsi şəhərin daxili gəlirləri hesabına formalaşmağa başlayıb. Son 10 ildə büdcə xərcləri 4,2 dəfə artıb. Şəhərdə ümumi məhsul və xidmətlər buraxılışının həcmi 2,6 dəfə artaraq 700 milyon manatı ötüb, sənaye məhsulu istehsalı iki dəfə çoxalıb.
İqtisadi inkişaf şəhərin simasını da dəyişir, yollar, küçələr, yaşayış məhəllələri abadlaşır, müasir idman kompleksləri, yeni binalar tikilir. Sumqayıtın ikinci giriş yolu hesab olunan Sahil küçəsi yenidən qurulub, dəniz kənarı ilə Novxanı istiqamətində 7,5 kilometr uzunluğunda yol əsaslı təmir olunub. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə Sumqayıt Bulvarı yaradılıb. Şəhər ərazisində olan bütün park və meydanlar yenidən qurulub. Ekoloji mühitin sağlamlaşdırılması məqsədilə 250 mindən çox ağac, 2 milyona yaxın gül əkilib, küçə və prospektlər boyunca yol kənarlarında, eləcə də park və xiyabanlarda 400 min kvadratmetrdən çox yaşıllıq salınıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Sumqayıt bu gün parklar və bağlar şəhərinə çevrilib.
Şəhərdəki Heydər Əliyev parkında əsaslı yenidənqurma işləri aparılıb. Parkın ərazisi 8 hektardan 10 hektaradək genişləndirilib. Burada Heydər Əliyev Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, Bayraq Meydanı inşa olunub. Sumqayıt Dövlət Dram Teatrının binası əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib.
Prezidentin sərəncamları ilə ayrılmış vəsait hesabına 323 ədəd çoxmənzilli yaşayış binasının dam örtüyü, 77 binanın fasadı yenidən qurulub, 200 çoxmənzilli yaşayış binasının lifti yenisi ilə əvəzlənib.
Bu gün Sumqayıtda icra olunan irimiqyaslı layihələr, salınan sənaye parkları, müasir istehsalat kompleksləri, genişlənməkdə olan abadlıq-quruculuq işləri şəhərin daha işıqlı sabahından xəbər verir.