Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Kollektivi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar bölgəsinin rəhbərini, “Hüseyn Arif” Ədəbi Məclisinin sədrini şair-publisistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

Mətbuat xidməti

Pəncərə

Səni kim çəkib asıb
Zalım,o pəncərədən?!
Düşərmi bircə dəfə
Yolum,o pəncərədən?

Bax,çayın da soyuyur,
Zaman çıxır yadından.
Tərləyir bir pəncərə
Ürəyinin odundan.

Bir ömür tüstülənir…
Alışırsan,sönürsən.
Unudursan özünü,
Pəncərəyə dönürsən.

Təkliyin,yalqızlığın
Həmdəmidi pəncərə.
Zülmətdən keçib gedən
Ağ gəmidi pəncərə.

Səni götürüb gedər…
Ha qaçsam da çatmaram.
Yeriyəm su üstə,
Bəs nə sirdi,batmaram.

Yadından çıxıb tamam,
Yuxulusan,oyaqsan.
Pəncərə bir dənizdi,
Sən bir tənha mayaqsan…

Uyuyursan…yuxuna
Keşik çəkir pəncərən.
Bir gün durub görərsən
Çiçəkləyib pəncərən…

* * *

Daha təkcə özüməm bu qədim xarabada,
Bir də veyil küləkdi-buludları hürküdən.
Bir bənövşə boylanır bir divarın çatından,
Bir də sınıq qapıdı…nə gələn var,nə gedən…

Unudulmuş adayam kainatın ovcunda,
Itirmişəm illərin sayını, hesabını.
Bu gündən başlayaraq gərək təzədən yazam
Köhnə-kürüş ömrümün sonuncu kitabını.

Ha axtardım hər yeri bir ağ varaq tapmadım,
Batıb baxt gəmisində zamanın sularına.
Yadımdan çıxır deyə,nə varsa bircə-bircə
Cızım tənha evimin boz,uçuq divarına.

Silinib yaddaşımdan,yoxdu bir xatirə də…
Hərdənbir xatırlayıb barı bir az kövrəlim.
His basmış bir çıraqdı nə zamandı ürəyim,
Hovxurub nəfəsiylə parıldadar kim silib…

* * *

Bilirəm,vaxtın yoxdu əhvalımı sormağa,
Səni də yaşamağa qoymur çox qadağalar.
Mən elə körpəlikdən payızın dəlisiyəm…
Amma mənə düşmədi bu yağmurlu havalar.

Şikayət eləmirəm,dedim,xəbərin olsun;
Nə olsun ki gecələr bir azca gec yatıram.
Hələ ki yaddaşımı xatirələr qanadır,
Hələ ki evimizi rahat gedib tapıram.

Ağaclar da köklənib darıxmaq havasına,
Başlayıb boyamağa çığırları,yolları.
Vallah,payız gələndən sinəm dəniz qoxuyur,
Neçə gündü yağışnan yuyuram misraları.

Sənsizliyi ovudub kiritmişəm,çox şükür!
Ürəyimin odunda quruduram yaşları.
Elə-belə ağlamır buludlar da bəlkə də,
Arxasınca su atır payız köçən quşların.

İşim elə çox deyil; məktəb,ev,Ağstafa…
Hər şey qaydasındadı,daha sənə nə deyim.
Narahat olma,canım,elə də pis deyiləm,
Bir azca ağrıyıram,bir az sancır ürəyim…

* * *

Bir həsrət qoxusu var
bu səhər sazağında.
Hər gün adın üşüyər
dilimdə,dodağımda.

Gözlərimin yaşında
bir xatirə islanar.
Göz yaşımı silməyə
yarpaq tökər ağaclar.

Rəsmini çəkmək üçün
durmuşam yol üstə mən.
Almışam fırçasını
son baharın əlindən…

* * *

Dostum,bu da 55,
vaxt ötdü,vədə yarı.
Könlümdə qəm göyərdir
bu payız yağşları.

Yenə bir yarpaq düşdü
ömrümün ağacından.
bir kimsə xəbər tutmaz
gizli ağrı-acımdan.

Bu da ömrün yoxuşu,
artıb bir az da yüküm…
bir yaxşı bax,saralıb
üzümdəki təbəssüm.

Payız çiçəyi yalqız…
bir ibrətdi son bahar.
xatirələr-gözümdən
nəm çəkən köhnə divar.

Üşüdür ürəyimi
bir soyuq baxış belə.
Şükür,indi payızdı,
qarşıda qış var hələ…