AYB və DGTYB üzvü, “Gənc Ədiblər Məktəbi”nin müdavimi,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Gizlənmişəm

Bir yerdə bənd almayan,
Köçümdə gizlənmişəm.
Mən bu qamət, bu boyda,
Biçimdə gizlənmişəm.

Qaraya ağ demişəm,
Nahaqqa haqq demişəm,
Haqqa nahaqq demişəm,
Suçumda gizlənmişəm.

Özümdən geri qaçıb,
Qırxımdan diri qaçıb,
Yeddimdən bəri qaçıb,
Üçümdə gizlənmişəm.

Tarixi daşlaşdırıb,
Ruhumu yadlaşdırıb,
Genimi kodlaşdırıb,
Saçımda gizlənmişəm.

Çöl üzümdə biçim var,
Aralıqda seçim var,
“İki dünya” içim var,
İçimdə gizlənmişəm!

Gedirəm

Taleyimdən söz açandan,
Hər gün yeni iz açandan,
Bu dünyaya göz açandan,
Qoymadılar Tam olmağa.

Yanır bağrım, yanır niyə?
Ümid qalıb bu taleyə,
Pərvanə yaşasın deyə,
Ürək qaçır şam olmağa.

Sözümdə haqq, dilimdə haqq,
Nahaqlara zülümdü haqq,
Əzəmətli ölümdü Haqq,
Hazıram edam olmağa.

Əcəl iş-gücünü atıb,
Məni yaman dilə tutub,
Vədə yetib, məqam çatıb,
Gedirəm adam olmağa.