Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü
Bu şəhər
Açıb ürəyimi sərdim önünə,
Bu şəhər sümürdü qanımı mənim.
O kənddən quzutək fağır gəlmişdim,
Qurbanlıq elədi canımı mənim.
Palaza bürüyüb ellə sürüdü,
Qadına döndərdi təzə-tər məni.
Əlimi ətəkdən uzun saxladı,
Yarımcan elədi bu şəhər məni.
Bir də ayıldım ki, otuz ikim var,
Kəsdirib böyrümü “çay istəyən”im.
“Günü gün üstünə, ili il üstə
Pul kimi qatlayıb say” istəyənim.
Mən varlı dünyanın fəqir adamı,
Bir də qayıdarmı baha gəncliyim?
Bu şəhər çıxacaq mənim axırıma,
Uzaq kənd kimidir daha gəncliyim.
10.12.2016
Gecə düşüncələri
O gedən gedibdi qayıda bilməz,
Adamın yuxusu gecə qaçıbsa-
Əlində olanlar qədirbilməzdən
Axtarmaq əbəsdir,necə qaçıbsa.
Dərin adamların yuxusu dayaz,
Yaşanan çox olar,yaşadığı az,
Təsəlli verənlər eyin oxşamaz,
Ondan uzaqlaşan heçə qaçıbsa.
Bölgülər,qismətlər,”bu mənim,sənin”,
Qovğalar,növbələr-sıradakı kim?
Bədəni əlində ruhudu zamin,
Ayaqlar yol alıb suça qaçıbsa.
Peşman olmağıdı it kimi canın,
İt kimi yaşamaq altda bir damın,
Şeirdi taleyi şair adamın,
Misra oğurlanıb,heca qaçıbsa…
8.12.2016