QƏMƏR ÜZÜDÜ
Əfsanə yazmıram, nağıl yazmıram,
Yazdığım şeirdi, qəlbin sözüdü.
Düşüb labirintə gedib azmıram,
Nədən bəhs edirəm…onun özüdü!
Sevməyən ürəyin təpəri olmaz,
Sevirsə qınağın çəpəri olmaz,
Sevmirsə sevgidən xəbəri olmaz,
Deməli, yazdıran eşqin közüdü!
Gördümsə gözünü, düşdümsə oda,
Bu odda yanmağa razısa o da,
Məni xilas edən, yetəcək dada,
O, maral baxışlı yarın gözüdü!
Gözlərdən axdıqca düşüb ürəyə,
Dönübdü bu canı yaxan kürəyə,
Qələmim ovçudu çöküb bərəyə,
Hərflər gülləsi, giliz sözüdü!
Sübhümdə, danımda, bütün günümdə,
Qiblə səmtimdədi, qiblə yönümdə,
Röyamda, xəyalada, durub önümdə,
Gecəmə nur saçan qəmər üzüdü!
Təvəkkül Goruslu. 22.12.2016
AY ANA!
Tanrı səni aldı , bizdən apardı,
Sənsiz bu ömürün keçdi bir ili.
Könülü sındırdı , qəlbi qopardı,
Ağlatdı gözləri, yandırdı dili!
Hamı anasının dizi dibində,
Axı, niyə yoxdu, bəs, mənim anam!
Hamı anasını öpür dönəndə,
Məndən inciməzmi, bəs, mənum anam!
Yenə də qış gəldi, ağlar gözüylə,
Gətirdi şaxtasın, qarın ələdi.
Qəlbləri dondurdu soyuq üzüylə,
Ələmə, qəhərə ruhu bələdi!
Bəlkə qış olmasa yaşayardın sən,
Gücüm çatmadı ki, yazı gətirim!
Çıxara bilmədim qəlb- ürəyindən,
Gücüm çatmadı ki, dərdi itirim!
Şəklinə söykəyim indi başımı,
Gülər gözlərini öpüm , AY ANA!
Mənə irad tutma əlli yaşımı,
Göz yaşım sinənə səpim,AY ANA!
Təvəkkül Goruslu. 26.12. 2016