Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
İSTƏDİM
“Mənim dünyam” – silsiləsindən
Dünyanı dərk edib, anlayan andan,
Tanrıdan dağlartək,vüqar istədim.
Diləyi dilədim ürəkdən, candan,
Ömürlük vəfadar, ilqar istədim.
Heç zaman sevmədim bəzəyi, zəri,
Hüsnümü süslədi anlımın təri.
Olsa da üstümdə Haqqın nəzəri,
Rəbbimdən nə sərvət, nə var istədim.
Çox çıxdı yoluma, “halay pozanlar”,
Ayağım altında,”quyu qazanlar”.
Hey sitəm etsə də, “yolun azanlar”,
Onlara meydanı, mən “dar” istədim.
Ürəkdən bağlandım doğma torpağa,
Mehr etdim hər kola, gülə, yarpağa.
Əzmimlə can verdim bağcaya, bağa,
Halal zəhmətimlə, bol bar istədim.
Aylarım, illərim getmədi bada,
Haqqımda duyuldu, ancaq xoş səda.
Kimsəyə vermədim dərd, bəla, qada,
Dövranam, hər qəlbə, bahar istədim…
OLMAQ İSTƏRƏM
“Könül dəftərim” – silsiləsindən
Ala gözlərinin dərinliyində,
Ömürlük qərq olub, dalmaq istərəm.
Buz tutmuş qəlbinin sərinliyində,
Qüzey qarı kimi, qalmaq istərəm.
Ey mənim yeganəm, ürkək sevgilim,
Sevən- sevdiyinə, eyləməz zülüm.
Bilirəm qəlb evin, bom- boşdur, gülüm,
Eşq olub könlünə, dolmaq istərəm.
Sevdasız ağartmam saçı, birçəyi,
Artıq açacağam, sənə gerçəyi.
Düzüb tellərinə gülü, çiçəyi,
Qolumu boynuna, salmaq istərəm.
Qoy duysun hər kəsin, qohumun-yadın,
Daha yeri yoxdur höcət, inadın.
Dilimdə bitibdir, mübarək adın,
Nəğməkar Dövranın, olmaq istərəm.