Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
BUNDAN BELƏ
Bilirəm ki, darıxmısan mənim üçün,
Ayrı qala bilməz gülüm, cüt qumrular.
Aşiqlərin nəbizləri qoşa vurar
Nədir görən bizi edən incik, küskün,
Bilirəm ki, darıxmısan mənim üçün.
Cananıma uzaqlardan baxan oldum,
Ümidsizlik, çarəsizlik üzür məni.
Dərdlər didir ac qurd kimi, hey sinəmi
Əhvalını özgələrdən xəbər aldım,
Cananıma uzaqlardan baxan oldum.
Qırılıbdır qol- qanadım, pərişanam,
Qan ağlayır anam, bacım, dost- tanışım.
Yanağımda iz salıbdır axan yaşım
Sudan çıxmış balıq kimi yarımcanam,
Qırılıbdır qol- qanadım, pərişanam.
Hər həsrətin, hər hicranın bir sonu var,
Yetər bizi üzdü məlal, qadan alım.
Dön yanıma, üzə gülsün bal vüsalım
Artıq bitsin bu intizar, bu ahu- zar,
Hər həsrətin, hər hicranın bir sonu var.
Gəl can deyək, can eşidək, bundan belə,
Hamı duysun xoş baharın müjdəsini.
Dövran qoşsun sevə- sevə nəğməsini
Pak sevdamız bulaşmasın fitnə- felə,
Gəl can deyək, can eşidək, bundan belə…
XIDIR BAYRAMI
Bu gün Ulu Yurdumuzda Xıdır Həbi bayramıdır
Gəldi xıdır bayramı,
Millətin ehtişamı.
Bayram edir el, hamı,
Sevindirsin hər qəlbi-
Yaşasın Xıdır Nəbi!
Bir-birindən qoçaqlar,
Baca gəzir uşaqlar.
Dolub torba, papaqlar,
Hər kəsin dolsun cibi-
Yaşasın Xıdır Nəbi!
Yoxdur nemətin sayı,
Göndərib əmi, dayı.
Hər evdə Xıdır payı,
Gətirib xala, bibi-
Yaşasın Xıdır Nəbi!
Xıdıra-xıdır deyərlər,
Hər nemətin yeyərlər.
Xudaya həmd edərlər,
Yad edək Ulu Rəbbi-
Yaşasın Xıdır Nəbi!