“Xərclədim gəncliyi qara pul kimi”

Xərclədim gəncliyi qara pul kimi
Yerini bilmədən, əsirgəmədən.
Vardan-yoxdan çıxan bir yoxsul kimi
Onu axtarıram, axtarıram mən.

Kefdəmi, nəşələr qucağındamı
Getdi o illərim, getdi gəncliyim?
Gözəl xanımların dodağındamı
Soyuq öpüş kimi itdi gəncliyimi?!

XATİRƏ

Burda min şövq ilə biz
Görüşərdik o zaman.
Burda gənc qəlblərimiz
Keçirib min həyəcan.

Bu yaşıl kürsülərin
Oturardıq üstə.
Anıram mən,
O sənin
Tutduğun güldəstə —
Toxunarkən üzümə
Sən gülərdin ucadan.
Burda gənc qəlblərimiz
Keçirib min həyəcan.

Yadımdadır yenə də
O yaşıl yarpaqlar.
Çox tanışdır sənə də
O söyüdlər, o çinar.

Onların gövdəsinə
Yazardıq eşqimizi.
Quşlar öz nəğməsinə
Valeh etmişdi bizi.

Burda idik hər yaz,
Yay, payız – son ayacan,
Burda gənc qəlblərimiz
Keçirib min həyəcan.

O gözəl günlər hanı?
Hardasan indi de sən?
Burda keçmiş bir anı
Qaytaraydım geri mən!

Qaytaraydım səni də;
Elə gənc, sadə, gözəl!
Və deyəydim: yenə də
Bu yaşıl bağçaya gəl.

Bağ həmin bağdır, inan,
Necə görmüşdük biz.
Burda bir sən yoxsan,
Bir də ilk gəncliyimiz!