M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru,
AMEA-nın müxbir üzvü, “Mərhəmət elçisi” jurnalının baş direktor və baş elmi məsləhətçisi, əməkdar elm xadimi Nərgiz Paşayevanın ictimai-siyasi fəaliyyətinə həsr edirəm.

Dilin sözü Allahı zikr etmək, kainatın Rəsuluna (s.ə.v) salavatlar göndərmək, Allahdan kömək, imdad diləmək, varlıqda da, darlıqda da şükr etmək, Allahın verdiyi ruziyə qane olmaq, sözün haqqı – ədalət, haqlı olduğu təqdirdə qarşıdakına haqq vermək, dilin sözü məhəbbət, dostları incitməmək. Dilin sözü nəsihət, fayda vermək, Allah, Allah söyləmək, dua etmək!
Dilin sözü – yolunu azana hikmətlə həyat vermək! Dilin sözü – yoxsullaşan varlıya ümid vermək! Səbirsizə “dur” demək, xəstəyə ümid vermək. Dilin sözü – yolunu azana yol göstərmək!
Dilin ən gözəl zikri xanımlar xanımı Fatimeyi-Zəhranı (ə) haqqıyla mədh etmək!
Əziz və möhtərəm Nərgiz xanım, yuxusuz gecələrdə cənnət arzusu ilə sözlərin keşiyində durdunuz. Siz olmadan sözlər dil açmırdı, danışmırdı. Nə sizə, nə də bizə – heç bir şey anlatmırdı. Qayğıkeş ana kimi sözlərin keşiyində durdunuz.
Dilimizin qapısına bu əsrdə təzə açar tapdınız. Siz yaxşı bilirdiniz ki, dil bizi ən doğru olana “Allah”ın nuruna çatdıraçaq.
Sözlər müstəqil şəkildə bir şey anlada bilməzlər. Yeni sözlərlə, bəşəri terminlərlə dilimizə bəzək vurub sözləri məna ilə parlatdınız! Sözləri, kəlmələri ritmə salıb incəliklə qurdunuz. Dilimizin yazı üslubuna yeni rənglər qatdınız. Xalqın sizə olan sevgisini hikmətlə qazandınız.
“Cahildən elm alınmaz” söyləmiş aqillərimiz. Dil bizi Allaha qovuşdurmayınca islami təfəkkürə sahiblənə bilmərik. Söz insanın cövhəridir. İnsanları paklığa, gözəl işlərə, xeyirxahlığa səsləyir. Uca Allah bizi əvvəlcədən – islamın mücahidi olaraq yaratmışdır. Dilimizin zənginliyi ilahi təfəkkürün çoxluğuna dəlalət edir.
Yeni, bəşəri sözlərlə – təfəkkürümüzə nur saçdınız. Bu sizin Allahla rabitənizin qırılmaz tellərlə bağlı olduğunun göstəricisidir.
Həqiqətən təfəkkür etmək əxlaqın təzahürüdür. İnsanların sevib seçdiyi sənət onların hansı vəsfdə olduğunu əks etdirir.
Yüz ölçüb, bir biçərək Moskva Dövlət Universitetinin adını-şöhrətini ölkəmizdə sözlə işin vəhdətilə göylərə qaldırdınız. Qədirbilən uca Allah yuxusuz gecələrdə Sizin bu cövrü görüb ellərin sevgisinə sevgisini qataraq Sizi öz lütfilə sevindirdi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçildiniz, Respublikamızın Əməkdar Elm Xadimi Fəxri adına layiq görüldünüz. Həmd olsun Allaha!
Əziz və sevimli Nərgiz xanım, Sizin məqalələrinizi oxuduqca ürəyim qürurla dolur. Çünki Allahın “Ol” sözünə aşiq olanlar özünü tamamən unudur, şikayət etmədən usanmadan zamana gülümsəyir, onun hər anından istifadə edərək qazandığı “azuqə”ni Allahına göndərir!
Elmi-təşkilati işlərinizdəki dəqiqlik, nizam, zövq, uğurlar gərgin əməyin Allah eşqinin təntənəsidir! Allah isə onu sevənlərə Əhli-beyt və ümmətinə xeyr gətirənlərə, sonsuz elminin sirlərindən ilham alan, bəhrələnən qullarına izzət verir, cənnətin ortasında ən uca qatındakı yanında taxt verir, yer ayırır. Həmd olsun Allaha!
Əziz və sevimli Nərgiz xanım, sizin gördüyünüz işlərin feyzindən qadınlartımız ilham alır, yaşayıb yaradır.
Söz təfəkkürə bağlıdır, təfəkkür isə qəlbi dilə gətirir, qəlbinsə dostu duadır.
Sözlə çöhrənizi axirətə çevirdiniz. Söz ən böyük əyardır, Mütləq olana ən yaxın olan şükrdür, duadır.
Söz dildə çiçək açan, bar verən ağacdır. Sözə elmlə vüqar verdiniz, söz də Sizi ucaltdı, şərəf verdi!
“Həyatda tərif mükafat olaraq qazanılır” – bu kəlamı gözümün işığı, qızım – Lalə Nəsir söyləyib. Elmiylə tanınana, sözünü hikmətlə başlayana – gözlər vüqarla baxar. Yalnız sizin kimi şərəfli bir insan, söz kimi bir inciyə dəyər verər, söz də onu ucaldıb vüslətə yetişdirər.
Sizə verilən ilahi qüdrətin təsiri ilə – arzularınızı reallığa çevirdiniz. Həm olsun Allaha!
Əziz və sevimli Nərgiz xanım, Sizi 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edir, sizə can sağlığı, ailə səadəti və xoşbəxtlik arzulayam.

Böyük hörmət və ehtiramla,

Ulduzə Süleymanqızı Nəsir,
Respublikanın Əməkdar artisti,
şairə-publisist.