Sumqayıt Regional Mədəniyyət və Turizm Idarəsinin dəstəyi, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu ilə oxucuların görüşü keçirilib.
S.Vurğun adına Mərkəzi Kitabxanada baş tutan tədbirdə Əməkdar incəsənət xadimi, aktyor Şeyx Əbdül Mahmudbəyov, şair Əşrəf Şəfiyev, ədəbi mühitin nümayəndələri, tələbələr iştirak ediblər.
AYB Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan S.Vurğun adına Mərkəzi Kitabxananın direktoru Yeganə Əhmədova görüşün məqsədi və mahiyyəti haqqında oxuculara məlumat verib.
Tədbirin qonaqları Əşrəf Şəfiyev, Şeyx Əbdül Mahmudbəyov çıxış edərək Baba Vəziroğlunun həyatı və yaradıcılığı haqqında qısa məlumat verib, oxucularla səmimi söhbət ediblər.
Daha sonra söz şair Baba Vəziroğluna verilib. O, belə bir görüşü təşkil etdiyinə görə S.Vurğun adına Mərkəzi Kitabxananın kollektivinə təşəkkür edib və bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bu onun oxucularla kitabxanada ilk görüşüdür. Paytaxtdan kənarda, belə bir kitabxananın mövcudluqu və fəaliyyəti, gənc nəslin yenidən kitaba və kitabxanaya üz tutmasını tədqir edən şair bildirib ki, kitaba qayıdış hər bir cəmiyyətin həyatında dönüş nöqtəsidir. Bu gün gəncliyin kitabla ünsiyyəti böyük hadisədir və Azərbaycanın işıqlı gələcəyindən xəbər verir. İnsan insandan maddi sərvəti ilə deyil, savadı, təhsili ilə öndə olmalıdır deyən şair milli, mənəvi, dini dəyərlərimiz, milli bayramlarımız, Novruz bayramının tarixi və digər mövzularla bağlı oxucularla səmimi söhbət edib, fikirlərini bölüşüb, suallarını cavablandırıb.
Sonda oxucular şairin ifasında şeirlərini dinləyib, xatirə şəkli çəkdiriblər.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti