Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
GİDİ ŞEYTAN
Ünvanlı – şeirlərimdən
Yalan imiş hər bir sözün,
Kül altdaymış qorun, közün.
Görüm, çıxsın iblis gözün,
Min bir sifət, gidi şeytan.
Çatılıbdır bomboz qaşın,
Yalquzaqtək yox sirdaşın.
Od- ocaqda bişməz aşın,
Min bir sifət, gidi şeytan.
Ilana da kəmənd atdın,
Hər nemətə zəhər qatdın.
Irəm yolun necə tapdın?
Min bir sifət, gidi şeytan.
Mənbəyisən dərd- kədərin,
Quyu qazdın dərin- dərin.
Dağı dələr bəd nəzərin,
Min bir sifət, gidi şeytan.
Hər niyyətin şər- şamata,
Kaş o iblis adın bata.
Bir lənətsən camaata,
Min bir sifət, gidi şeytan.
Dövran dadıb fəsadından,
Söhbət açdı bəd adından.
Heç çıxmırsan sən yadından,
Min bir sifət, gidi şeytan…
QƏDƏR
"Könül dəftərim" – silsiləsindən
Niyə düşdük aralı, qına sən də özünü,
Gec tanıtdın ay zalım mənə gerçək üzünü.
Hər nə etsən boşuna, mənə təsir edəmməz,
Əvvəl- axır tutacaq haqqım, ahım gözünü.
Bu sevdanın bitməsi fələyin kəc baxışıdı,
Saçlarıma düşən dən, taleyimin naxışıdı.
Artıq mənası yoxdur boş xəyala dalmağın,
Kimdir günahkar gülüm? Allah bilən yaxşıdır…
Yaş öz işin görübdür, ömür keçib yarıdan,
Seçməyi öyrənmişik, artıq ağı- qaradan.
Saf su kimi durulub, axmağa heç tələsmə,
Mən səni əhv etsəm də, bağışlarmı Yaradan?
Haqq bilir ki, mən səni özümdən çox sevirdim,
Çox səddi, çox maneni sevə- sevə devirdim.
Bunca fədakarlığın qarşılığı , de:-nəymiş?
Yanlış sevda üzündən, bir ömür bada verdim.
Kəsilmir xəyalların nə ardı, nə arası,
Sızlayacaq çox illər, canda könül yarası.
Dövran artıq əxz edib, “başa gələn çəkilər”,
Bəxtə düşən qədərin, yoxmuş özgə çarası..