ens

İllər öncə bir şair tanımışdım; şair kimi istedadlı, insan kimi mehriban, gülərüz. Öncə bir şeiri tanıtmışdı onu mənə. Əlimə düşən şeirlər kitabından birində bir şeir diqqətimi çəkmişdi. Musiqiyə yatımlı, maraqlı bir şeir idi və bu şeiri nəğməyə çevirmək istəyim yarandı:

Bu gözəlin çiçək açan vaxtıdır
Bu dünyaya işıq saçan vaxtıdır
Ilk görüşə oğrun qaçan vaxtıdır
Ulu Tanrım, gözün olsun bu qızda

Nəydi çaxan, de, şimşəkmi, baxışmı?
Nəydi yağan, göz yaşımı, yağışmı?
Deyən, qəlbi sinəsinə sığışmır!
Ulu Tanrım, gözün olsun bu qızda!

Ünvanını hələ həsrət döyməyib,
Ürəyini kədər yükü əyməyib,
Gül üzünə yad nəfəsi dəyməyib,
Ulu Tanrım, gözün olsun bu qızda.

Və bu nəğmə yarandı, ifa etdim, radioda səsləndi. Elə bu nəğmə də Eldar bəylə aramızda bir tanışlıq körpüsünə çevrildi. Çox yaxın, sıx əlaqələrimiz olmasa da, ara-sıra tədbirlərdə görüşəndə, daim onun qaynarlığını, mehribanlığını hiss etdim. Üzündəki təbəssüm də heç zaman solmadı. İllər sonra acı ölüm xəbərini eşidəndə isə çox üzüldüm.
Yaxın günlərdə sosial şəbəkədə Alı adlı bir gəncdən mənə dostluq istəyi gəldi. Eldar Nəsiblinin oğlu olduğunu bildirincə, çox xoşhal oldum. Amma bundan öncə istədim, onunla daha yaxından tanış olaq və atasıyla, onun yaradıcılığıyla bağlı bir az söhbətləşək.
Alı bəy, necəsən?
Allahın köməyilə yaxşı olmağa çalışırıq.
Təhsilin, işin varmı?
Azərbaycan Maliyyə İqtisad Kollecini bitirmişəm. Özəl şirkətlərin birində çalışıram.
Müşahidələrimə əsasən deyim ki, sosial şəbəkədə atanın şeirlərinin təbliğinə, bir şair kimi onun yeni nəsillərə tanıtımına can atırsan.
Təbii, fikrimcə, bu, hər bir övladın mənəvi borcudur.
Eldar Nəsibli Sibirel 1982-ci ildə SSRİ yazıçılar birliyinin üzvü olub. Sovet postməkanı dövründə şerlərinin çapına Respublika və İttifaq mətbuatında geniş yer ayrılıb.
İstetdadlı şairimiz Tahir Talıblı deyir ki, Eldar Nəsibli Sibirel ədəbiyyatda haqqı olan şairdir, həm da haqqına çatmamış şairdir. Fikrimcə, gözəl deyimdir. O zamanlar mətbuatda çap olunmaq, bilidiyimiz kimi çox çətin idi. Demək istədiyim odur ki, E.N.Sibireli yada salası çox ədəbiyyat adamları var. Ancaq təəssüf!
Atasızlığı daha çox hansı anında hiss edirsən?
Demək olar ki, hər anımda hiss olunur, atasızlıq. Onu da vurğulayım ki, mən təkcə bir ata yox, həm də hər zaman haqqı deyən bir söz ustadı itirmişəm.
Eldar Nəsibli bir ata kimi necə ata idi?
Ata kimi mükəmməl biri. Şair kimi isə E.N.Sibirel haqqında Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri və s. şairlərimiz zamanında öz yüksək fikirlərini söyləyiblər. Mənim deməyimə ehtiyac yoxdur düşündüyüm qədərilə.
Atanla bağlı hansı xatirələrin var?
Xatirələr həddindən artıq çoxdur, deyərdim. Xüsusi ilə də uşaqlıq dövründə xoş rəftarı və səmimiyyəti mənimçün bir xatirə olaraq yaşayır.
Eldar bəyin Sibirel təxəllüsü hardan gəlir, nə ilə bağlıdır? Qazax, Bakı hara, Sibir hara?
1948-ci ildə şairin valideynlərini imperiya şəri haqlayır. Onlar Sibirə sürgün edilirlər. Atam 1952-ci ildə Sibirdə Dünyaya göz açır. Bəli, elə təxəllüsünü də ordan götürüb. Uşaqlığının bir hissəsini uzaq qarlı Sibirdə keçirib.
Babangil hansı səbəbdən sürgün olunublar?
Babalarımız, 1918-ci ildə Nuru paşa Azərbaycana gələndə, türklərlə birlikdə Bakının və Qarabağın azad olunmasında iştirak ediblər. Sonra onları xalq düşməni kimi güllələyiblər. Şərif Şikəstə adlı babamızı isə Sibirə sürgün edib, sonra 1937-ci ildə güllələyiblər. Onu da qeyd edim ki, Şərif Şikəstə Səməd Vurğunun ustadı olub. Onun oğlu Cavad, Azərbaycanın böyük şairi Hüseyn Cavidlə sürgündə bir yerdə olub. Atamın valideynlərini isə 1948-ci ildə Sibirin Tomsk vilayətinin Baxçar rayonuna sürgün ediblər. Elə atam da 1952 – ci ildə orda anadan olub. Atamın babaları Sədi və Əmiraslan bəy uzun müddət rus imperiyasına qarşı döyüşüblər.
Bir hadisəni heç unutmaq mümkün deyil; Sibirdə İvolgin adlı bir kolkoz sədri var imiş. Onu da Sibirə sürgün ediblərmiş. Həmin adam orada bir neçə il yaşayır, Sibirdə öz həyatını qurur və sərvət sahibi olur. Bir müddətdən sona İvolginə vətən dönmək izni verilsə də o, geri dönmür. Beləcə Sibirə sürgün edilənlərə yardım edir. Elə atamgilin ailəsinə də. Bir neçə ildən sonra atamgilə vətənə dönməyə izn verilir və onlar doğma vətənə Qazax rayonunun II Şıxlı kəndinə geri dönürlər. Hətta İvolgin babam Alının öz alın təriylə qazandığı məvacibi sonradan ailəyə göndərir. Bir sözlə haqlarını yemir. Həmin məvaciblə də babam ev tikir, mal-qara alır və ailəsini başına yığır.
Atan, səhv etmirəmsə ölümündən bir neçə gün əvvəl hansı övladınınsa xeyir işini etməli idi. Hətta bununla bağlı mənimlə görüşmüş, övladının toyunda bir müğənni kimi iştirakımı istədiyini bildirmişdi. Təəssüf ki, bəzi səbəblərdən bu, baş tutmadı. Sonradan onun faciəli ölüm xəbərini eşidəndə çox üzüldüm.
Bəli, həmin övladı mənəm. Mənim toyumdan 9 gün sonra, 11 oktyabr 2010-cu ildə Qazaxda baş verən avtomobil qəzasında dünyasını dəyişdi. Tanrıya çox şükür, təsəllimiz odur ki, heç olmasa öz istəyinə çatdı, son övladının da xoş gününü gördü.
Bildiyimə görə, tanınmış, istedadlı şairimiz Vəli Xramçaylı Eldar bəyin qardaşıdır. Vəli bəy bir əmi kimi sizi yada salır, sizinlə maraqlanırmı?
Vəli müəllimlə münasibətimiz dost münasibətidir, əmidən çox. Hər zaman dərdləşib qayğılarımızı bölüşürük.
Eldar bəyin yazıçı və şairlərdən ən yaxın dostu kim idi və bu gün onu xatırlayan, yada salan varmı?
Ədəbiyyat aləmində dostları yeterincə çox olub. Ancaq yada salan az saydadır. Tahir Talıblı, Rəşad Məcid, Xaliq Rəhimli, Barat Vüsalın adlarını qeyd edərdim ki, öz müsahibələrində tez – tez Eldar Siberli xatırlayırlar.
Atanın ən çox bəyəndiyin, sevdiyin bir şeiri hansıdır?
Bəyəndiyim şerlər, təbii ki, çoxdur. Ən çox sevdiyim isə “Əyilməz başını uca tut, Vətən” seridir. Bir çox ədəbiyyat adamlarıyla Eldar Siberilin Poeziyası haqqında danışdıqda onun güclü sevgi serlərinin olduğunu bildirirlər. Mənim isə atamın yaradıcılığında sevdiyim tərz onun satirik serləridir. Məs: “ Şair haq yolunda “ şerindən bir bəndi qeyd edə bilərəm.
Ey medal ölüsü, təltif ölüsü,
Ey şöhrət ölüsü, tərif ölüsü,
Misranı beynimə mismarlama gəl.
Bu gün dilin üstə can verən sözü
Əl altdan sabaha ismarlama, gəl.
Bu bənddə Eldar Sibirelin hər zaman ad – san peşində olmaması oxucuya aydın şəkildə izah olunub.
Sən də yazırsanmı?
Şairlik Allahın bir lütfüdür. İstedadın olmasa ha yaz, poz. Düşünürəm ki, hər kəs öz sahəsində olsa daha yaxşı olar.
Dəyərli oxucularımız, düşünürəm ki, bir nakam şairi, gözəl bir insanı xatırlamaqla, onun ruhunu, sevənlərininsə könlünü şad etmiş olduq.
Eldar Nəsibli Sibirelə Tanrıdan rəhmət diləyirik!
Zəka Vilayətoğlu