ens

BU SEVGİ 1981

Qəlbimə gəlmişdi gözlənilmədən,
Deyərdim çətinki, sönə bu sevgi.
Dağınıq, pərişan fikirlərimi
Salmışdı bir səmtə,yönə bu sevgi

Gözəllər içindən seçilmiş idi,
Önündə zirvələr kiçilmiş idi,
Ulduzlar əyninə biçilmiş idi,
Taledən töhvəydi mənə bu sevgi.

Qəlbindən gələrdi sorağım hər gün,
Çiçəktək açardı marağım hər gün
Deyərdi-sən çıxma, mən çıxım hər gün
Gah aya, gah da ki günə bu sevgi.

Gecələr saçına çökmüşdü onun,
Günəş öz suyuna çəkmişdi onu,
Ay da işığına bükmüşdü onu,
Qənimdi dumana, çənə bu sevgi.

Gözümdə həsrəti bitəsi imiş,
Könlümü güvətək didəsi imiş.
Qəfil gəldiyitək gedəsi imiş,
Ömrümdən, günümdən demə bu sevgi.

-1972BAHAR ÜNVANLILAR-

Bir xəbər yayıldı, acı bir xəbər-
Çəkildi əsəblər, hislər tarıma.
Yağdı ildırımtək, yağdı güllələr,
Yağdı anaların yuxularına.

Məcnun söyüdlərin doldu gözləri,
Pərişan telini daraqlamadı.
Kölgəsinə gələn sevgililəri
Bir də axtarmadı, soraqlamadı.

Qızların gözündə dondu baharı,
Neçə toy süfrəsi örtülü qaldı.
Neçə sevgilinin nişan paltarı
Zərli sandıqlarda ütülü qaldı.

İgidlər gəlmədi görüşə o gun,
İgidlər getdilər döyüşə o gün.
Yenə Çənlibeldən endi Koroğlu,
Yenə Qıratına mindi Koroğlu.

Qorxunc ildırımtək çaxdı dəlilər,
Ölümün gözünə baxdı dəlilər,
Ölümün özüdə heyrətə gəldi
İgidlik sınandı mərmilər üstə!

Odlu səngərlərdən üçkünc məktublar
Bəzən qanadlandı, bəzən kəsildi.
Qaldı gözəllərin qulağı səsdə,
Məhəbbət sınandı mərmilər üstə.

Ümidlər yollarda çırağa döndü,
Əritdi düşməni qar-qırov kimi.
Dəniz çalxalandı, yer silkələndi,
Gedənlər döyüşdü od-alov kimi.

Düşmənin ayağı dəyməsin deyə
Torpağı bağrına basdı igidlər.
Qərib durnalartək ünvanlarını
O gündən bahara yazdı igidlər.