sv

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

İtmiş bir məhəbbət adalarıydı,
Ömür xəritəmdə sənli cizgilər.
Ya da, yad əlindən dad-amanıydı…
Hardasa duyulmaz bir harayıydı,
Toydan bir gün sonra sınan güzgülər.

Nə yaman, nə yaman həsrətin varmış,
İzlər addım-addım, hara getsəm mən.
Sənə gedən yollar nə yaman darmış…
Uzaqda olmağın, demə, yaşatmış,
Yoxsa mən küsərdim ömürdən-gündən.

Sən uzaq… Çox uzaq coğrafi bir kəşf,
Adasan, körfəzsən, dənizsən, nəsən?
Bəlkə savannalar, tropik meşə?
Bəlkə də bir zərif, incə bənövşə…
Ya bəlkə, quruca bir səhrasan sən?!

lll

Bir uzaq yola çıxmışam,
Dönüşüm yoxdu, bilirəm…
Səninçün yoxa çıxmışam,
Enişim yoxdu, bilirəm…

Necə əzabdı sevməyim,
Gərək səni atmayaydım…
Məhəbbətimin qanlısı,
Təkcə səni tutmayaydım…

Qatiliyik bir sevdanın
İkimiz… Bilə bildinmi?
Qəbrə qoyduğun ümidi
İkimiz bilə bildinmi?

lll

Güldüm…Gülüşüm də ağladı səni,
Saxta təbəssümüm könül həyası…
Əynimə yaraşmır qadın görkəmi,
Dodaqda səyriyən kədər boyası…

Dəyir pəncərəmə quşların səsi,
Çatmır qulağıma pıçıltıların…
Bu qırıq ürəyin ölmüş həvəsi,
Öldürüb bir qadın duyğularını…

Lal-dinməz susacaq taleyim yenə,
Boşanmış qadıntək boynu bükülüb.
Yas çadırı qurub hisslərim sənə,
Ehsan süfrəsinə ümid tökülüb…

lll

Sifətim nərgiz rəngində,
Duruşum bənövşə kimi…
(Elməddin Nicat)

Hər bəxtin qara kitabı,
Yarımçıq istəkdə deyil…
Tanrının mürəkkəb qabı
Bənövşəyi rəngdə deyil…

Duruşum… gülüşüm payız…
Sarı günüm, qara baxtım…
Köçdü gözlərimə nərgiz…
Getdiyin yollara baxdım…

Sən ey, payızın adamı…
Arzuların pöhrə-pöhrə…
Qoy unutdursun adımı…
Qucağındakı o körpə…

Gəncə