rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

ÜZÜ DÖNMÜŞ MƏHƏBBƏTİM

Könül dəftərim” silsiləsindən

Yaman düşüb dilə sözüm,
Bu mətləbi necə çözüm?
Qalmayıbdır canda dözüm,
Gözü dönmüş məhəbbətim.

Şux sevincim darda qalıb,
Küskün- küskün fikrə dalıb.
Hicran qəlbi tora salıb,
Közü sönmüş məhəbbətim.

Bal şərbətim olub zəhər,
Yeməyimdir acı qəhər.
Açılmayır çox vaxt səhər,
Məni gömmüş məhəbbətim.

Qönçə idim vaxtsız soldum,
Şaxta vurdu xəzan oldum.
Ağlar bulud kimi doldum,
Qanı donmuş məhəbbətim.

Zalım fələk məni sardı,
Güvəndiyim dağlar qardı.
Bu sevdanın sonu vardı,
Canı yanmış məhəbbətim.

Dövran, tox tut ürəyini,
Vurma yerə kürəyini.
Məhv et fitnə kələyini,
Üzü dönmüş məhəbbətim.

GECƏ YARIDIR

“Düşüncələrim” – silsiləsindən

Axşam çoxdan ötüb, gecə yarıdır,
Beynimdə fikirlər yallı gedirlər.
Hər güman bir fikrin öz açarıdır,
Sanki bir- birini təqib edirlər.

Beynimi zəbt edib şübhə, səksəkə,
Yad hislər tərk etmir əqlimi bir an,
Qəlbə hökm eləyən şeytandır bəlkə,
Ruhum didərgindir, özüm pərişan.

Dünyanın gərdişi, işinə bir bax,
Nə dilim söz tutur, nə əlim qələm.
Əqlim qəlbə demir,-silkin, oyan, qalx…
Qəflətdən oyanam, özümə gələm.

Yenə qalacaqlar nisgilli bu gün,
Kəpənəktək qanad çalan kirpiklər.
Qalmışam fikirlər çəngində üzgün,
Filmtək canlanır olub- keçənlər.

Yeganə arzumdur dönəm özümə,
Qovuşam hüzurlu nazlı anlara.
Məlhəm röyalarım qonsun gözümə,
Dövran vida etsin nəs zamanlara…