Tələbə dostum, tanınmış şair Maarif Soltana həsr olunur
Gözünü, könlünü bulud alsa da,
Özü bulud kimi boşalır, dolur.
İlhamı arabir ayıq olsa da,
Çox zaman gözləri yuxulu olur.
Zamanın özüylə yarışan kəsin
Yerişi-duruşu dağlardan ağır.
Yenilik eşqiylə alışan kəsin
Əynindən-başından köhnəlik yağır.
Əsrin tufanına sinə gərməyib
Süsəndən, sünbüldən ötür sazında.
Hələ ilk kitabı işıq görməyib
Yaşayır dahilik iddiasında.
Əyilir köksünə fikirli başı-
Sanki qurtaracaq kimisə, dardan.
Çəkir imtahana dostu, yoldaşı
Özü iki alır imtahanlardan.
Onun bu gününə acıyıb halım:
Bükülür yumaqtək fikrə dalanda.
O qədər tənbəki çəkir bu zalım,
Sinəsi fit çalır nəfəs alanda.
Atıb bir tərəfə eşqi, ilhamı,
Bir az qulaq asıb Haqqın səsinə:
İmkanım olsaydı, Maarif Soltanı
Çəkərdim yoldaşlıq məhkəməsinə!..