\

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin üzvləri ilə görüşüb.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətinin rəhbəri Sevinc Bəhmənli Gundelik.info-ya bildirib ki, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan görüşdə idarə rəisi Mehman Şükürov çıxış edib. O, qeyd edib ki, Sumqayıt şəhərində musiqi və incəsənət məktəblərinin müəllimlərdən ibarət Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin yaradılması qarşısına qoyduğu ən böyük məqsədlərdən biri olub. “Artıq biz nəinki məqsədimizə çatdıq, hətta möhtəşəm konsert proqramı ilə sübut etdik ki, biz daha böyük layihələrə imza atmaq iqtidarındayıq. Əminəm ki, qazandığımız bu böyük uğur bizi arxayılaşdırmayacaq, əksinə, daha böyük nailiyyətlər qazanmağımıza səbəb olacaq” deyən idarə rəisi “Kimyaçılar” sarayında keçirilən konsertdə maraqlı çıxışlarına görə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun və Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının kollektiv üzvlərinə təşəkkürünü çatdırıb. Tədbirdə çıxış edən orkestrin dirijoru, Əməkdar Mədəniyyət işçisi Vaqif Süleymanov, solist Gülzar Fərəcova və digərləri Mehman Şükürova onlara göstərilən etimada, diqqət və qayğıya görə təşəkkür ediblər. Sonra görüləcək işlər müzakirə olunub, fikirlər və təkliflər dinlənilib.

Daha bir görüş Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbində keçirilib. Sumqayıt şəhər İcra başçısının müavini Teymur Səmədov, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov, Qubadlı rayonu üzrə baş məsləhətçi İlham Əhmədov məktəbin “Buta” qızlar ansamblının üzvləri ilə görüşüb. Ansamblın çıxışını dinləyən qonaqlar məmmun qaldıqlarını və bu ansamblın böyük uğurlara imza atacağını bildiriblər. Xatırladaq ki, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin növbəti layihəsi olan “Buta” qızlar ansamblının bədii rəhbəri Vasif Heydərov, konsertmeystri Aynur Məhərrəmovadır.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Abşeron rayon mədəniyyət müəssisələrinin kollektivləri ilə də görüş keçirib. Görüşdə müəssisələrin üzləşdiyi problemlər, cari və perspektiv işlər müzakirə olunub. Görüş zamanı Abşeron rayon Mədəniyyət mərkəzinin yeni təyin olunmuş direktoru Arif Vəliyevin təqdimatı olub. Rəis Mehman Şükürov yeni direktoru kollektivə təqdim edib və fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Arif Vəliyev əmək fəaliyyətinə 2009-cu ildə Sumqayıt şəhər Cəfər Cabbarlı adına Mədəniyyət evində bədii rəhbər kimi başlayıb. 2012-ci ildən isə Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun müdiri vəzifəsində çalışıb. O, 2016-cı ildə “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif edilib.