Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademik Teymur Bünyadova Azərbaycan Respublikasının “Şərəf” ordenini, həmçinin bir qrup gənc alimə AMEA-nın Fəxri fərmanlarını təqdim edib.
Gənc alimlər adından çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi Aysel Qəribli gənc alimlərimizə yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə AMEA rəhbərliyinə dərin təşəkkürünü bildirib:
“Hörmətli Akif müəllim, hörmətli Rəyasət Heyəti üzvləri, əziz alimlər!
Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ideyalarına həmişə sadiq olan Azərbaycan gəncləri bu gün ölkəmizin iqtisadi, sosial, mədəni həyatında fəal iştirak etməklə ölkə başçısı İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın republika gənclərinə bəslədikləri böyük ümidləri layiqincə doğrultmağa çalışırlar.
Əlbəttə, universitetlərdə, akademiyalarda bakalavr və magistratura pillələrində, xüsusilə doktoranturada təhsil alan, gələcəyini elmin müxtəlif sahələri ilə əbədi olaraq bağlayan gənclərin öhdəsinə, görünür, daha səciyyəvi, özünəməxsus vəzifələr düşür. Bunlar, əsasən, elmin, texnologiyanın müasir səviyyəsinə lazımınca yiyələnməkdən, qloballaşan dünyanın çağırışlarına tələb olunan şəkildə cavab verməkdən, mənsubolduğun xalqın, dövlətin siyasi-ideoloji, intellectual-mədəni maraqlarını təəssübkeşliklə qorumaqdan ibarətdir. Bu gün həm AMEA-da, həm də ali təhsil müəssisələrimizdə ayrı-ayrı elmlər üzrə çoxlu sayda gənc fəlsəfə doktorları fəaliyyət göstərirlər ki, onların istər ölkə, istərsə də beynəlxalq miqyaslı elmi konfranslarda iştirakı, müxtəlif elmi məcmuələrdə ardıcıl olaraq məqalələrinin, eləcə də kitablarının nəşr edilməsi, ilk kəşfləri, ixtiraları, heç şübhəsiz, böyük qürur doğurur. Şübhəsiz, bu, ilk növbədə, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin, elmə, mədəniyyətə, hər bir vətəndaşın intellektual inkişafına göstərilən yüksək qayğının ifadəsidir. Və bunun üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə, birinci xanım, vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq.
Biz gənclərin arzusu və məqsədi o olmalıdır ki, apardığımız tədqiqat işlərinin və təcrübələrin müsbət nəticələrini öz ölkəmizdə tətbiq etməyi bacaraq. Bununla da Azərbaycan Respublikasını həm daxilən daha da inkişaf etdirək, həm dən xaricdə yüksək səviyyədə tanıdaq. Ölkəmizə layiqli vətəndaş, alim olaq.
Hörmətli Akif müəllim! Bizim elmin zirvəsinə doğru getdiyimiz bu ağır, həmçinin şərəfli yolda belə xüsusi günlərdə Fəxri Fərman verərək bizim uğurlarımızı qiymətləndirdiyiniz üçün, bizi ruhlandırdığınız üçün sizə öz təşəkkürümüzü bildiririk”.
Mənbə: http://www.dilcilik.az