Mən payızam, sevmə məni.
Dumanım var, çiskinim var
üşüyərsən…
Günəşli günlər ardından
Nisgil dolu küsməyim var,
payızam mən…
Mən payızam, məni sevən
Üç-beş sarı yarpaqdı
ölümünə hazır olan…
Sərt bir qışın sonrasında
bahar görmək ümidilə
Boz sərçələr sevər məni…
Payız olmaq
tənha-tənha sevilməkdi…
Mən payızam, küləklərim
Günü-gündən adam kəsir.
Sevmə məni, bu sevginin
sonu birgə üşüməkdi…
Mən payızam, anlamazsan..,
məhəbbətim hissə-hissə
Göy üzündən yerə enər.
Hər yağışın islatdığı
Evsizlərin əliyəm mən,
buz kəsmişəm, sevmə məni…
Sevmə məni, mən payızam
Payız sevmək cəsarətdir.
Sevə bilsən bu payızı,
Qışdan sonra səadətdir.
Sevə bilsən… sevmə məni!
Mən payızam, sevmə məni,
Cəsarətin yoxsa əgər,
Bu payızı sevməyin
Üzü qışa getməyi var.
Göy üzündən al günəşin
birdən-birə itməyi var,
payızam mən…
Mən payızam,
Hər kəs sevə bilməz məni.
Cəsarətin varsa əgər
Sevə bilsən…
Qışdan sonra səadətdir.
31.08.2018