Bir də görürsən ki,
Adi, lap adi bir söz
Ya bir baxış səni xoşbəxt edir…
Eləcə də əksinə…

Bəzən görürsən ki,
Qulağın sevinir
Gözün sevinir
Ağzında danışan dilin sevinir…

Bəzən də hissin döyünür
Duyduğun fərəhdən…
Eləcə də əksinə…
Sevincin yas tutur
Sükutun qan ağlayır

Bir medalın iki üzü kimidir
halımız
Hamımız
Ya işıqda
Ya qaranlıqda
Ya nur oluruq ya zülmət
Qəlbimizdə
Ağlımızda

Düşündüyümüzün arxasındayıq,
bəzən önündə
Içində
Dibində

Adiyik
Sadəyik
Qəlizik
Müxtəlifik
Hər nəyik…
Bəlkə də ona görə gözümüz də
Qulağımız da ikidir…

Biri ağlayanda biri gülsün
Bir kar olanda o biri eşitsin…
Bəlkə də
Səninlə elə ona görə görüşdük ki
Bir yerdə olmasaq da
Bir yerdə düşünə bilək
Səndən uzaqda
Məndən yaxında….
Bu qədər sadə bu qədər çətindi
Dərk etmək…

Belə…
Gülümsə…

* * *

Gözlərdə köz gizlənəndə
Ürəkdə söz gizlənəndə
Səbrdə “döz” gizlənəndə
Nə mən səni itirmişəm
Nə sən məndən uzaqdasan…

Nağıllarda xəyal varsa,
Xəyallarda həyat varsa,
Fikir səni arzularsa
Nə mən səni itirmişəm
Nə sən məndən uzaqdasan…

* * *

Yağış yağır
Sənə baxır,
gözlərimlə.

Dur altında
Öpsün səni,
yanağından, dodağından
Məndən əvəz.

Yağış yağır
Mənə baxır
Gözlərinlə.

Süzüldükcə saçlarımdan,
vücudumdan
Məni qucur
səndən əvəz.
həsrət qalmış aşiqlər tək
mən yanğılı,
O yanıqlı
Su çiləyir
közüm üstə.

Yağış yağır
Narın – narın,
zərif – zərif.
Gilələnib kipriyimdə.
İslanmışam başdan – başa
Sən olmuşam.

* * *

Yağış yağır gozlərindən
Duman olub, çən olmuşam
Qara gozlərin yaşında
Mən əriyən qəm olmuşam….

Sevgi yağır sözlərindən
Nəğmə olub, söz olmuşam
Sənin hər can alan misranda
Mən can verən səs olmuşam….

Gözə dirənən yoxluğunda
Məşum kölgəyə dönmüşəm
Bəxş etdiyin lal boşluqda
Mən cansız nəfəs olmuşam…