Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
GECƏLİ-GÜNDÜZLÜ ÖMRÜN HƏR GÜNÜ
Gecəli-gündüzlü ömrün hər günü,
Ulduzlar yerində nəğmə oxuyur.
Könlüm də qəm-sevinc yazan qələmlə,
Şeir çələngini birgə toxuyur.
Dərdlənib yenə də dərdlər içində,
Bəzən də gözünün yaşını tökür.
Yazan kədərimi oxuyub özü,-
Çiynindən dünyanın yaşını tökür.
Xəfif bir küləklə oyanıb səhər,
Dərd üçün obada sorağa düşür.
Gözündən tökülən inci yağışlar,
Süzülüb gözündən varağa düşür.
ELƏ BİL BU DÜNYA KÖRPƏ UŞAQDI
Elə bil bu dünya körpə uşaqdı,
Onun da nazını çəkəsən gərək.
Becərən, cücərən buğdalar kimi,
Torpaqda, tarlada əkəsən gərək.
Sənin həsrətinə dağ vuran zaman,
Gözünün yaşını tökəsən gərək.
Bir bel bağladınsa ona qurduğun,
Uçurub sarayı sökəsən gərək.
Kaman tək mərdliyi bir yerə qoyub,
Səbəbsiz önündə çökəsən gərək.