BADAMDAR ŞƏHİDLƏRİ
Badamdar qəsəbəsinin şəhid olmuş igid oğullarından üçü məhz Daxili Qoşunların hərbi qulluqçusu idi….
Son dövrlər paytaxt və rayonlarda aparılan genişmiqyaslı abadlıq və quruculuq tədbirləri, salınan park və xiyabanlar ölkə vətəndaşları ilə yanaşı, respublikamıza səfər edən qonaqlar tərəfindən də müsbət qarşılanır. Bu baxımdan görülən kompleks tədbirlərin tərkib hissəsi kimi Vətənin bütövlüyü uğrunda canını qurban verən igid oğullarımızın uyuduğu və müqəddəs and yerimiz olan şəhid məzarlıqlarının yenidən bərpa olunması və abadlaşdırılması da təqdirəlayiq haldır.
Bunlardan biri də Səbail rayonunda “Badamdar şəhidləri” adlanan abidə-kompleksdir. Badamdar qəsəbəsinin mərkəzində təmizliyi və səliqə-sahmanı ilə diqqəti cəlb edən bu abidədə Badamdarın 18 şəhidinin mərmər lövhə üzərində şəkilləri, həmçinin doğum və şəhid olma tarixləri həkk olunmuşdur.
Onlardan üç nəfəri – gizir Qarayev Göyüş Adil oğlu, əsgərlər Əliyev Rauf İsmayıl oğlu və Ağayev Mirsaleh Mirqasım oğlu məhz Daxili Qoşunların hərbi qulluqçularıdır. “Badamdar şəhidləri” abidəsini bu gün qəsəbə sakinləri, o cümlədən yeniyetmə və gənclər yad edir, onların xatirəsini uca tutur, Vətən qarşısında müqəddəs borc sayılan hərbi xidmətlərini şərəflə yerinə yetirəcəklərinə and içirlər. Daxili Qoşunların sıralarında vuruşmuş “Badamdar şəhidləri” barədə, onların keçdikləri şərəfli döyüş yolu haqda bir sıra məqamları bugünki gənc nəslə çatdırmaq vətənpərvərlik borcumuzdur.
Qarayev Göyüş Adil oğlu
Gizir Göyüş Qarayev 15 dekabr 1970-ci ildə dünyaya göz açıb. Göyüş Daxili Qoşunların igid hərbi qulluqçusu kimi torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşaraq, neçə-neçə erməni cəlladlarının məkrli arzularını gözlərində qoymuşdur. 1994-cü ilin yanvar ayından etibarən Füzuli istiqamətində gedən döyüşlərdə ağır məğlubiyyətə düçar olan düşmən, Göyüş kimi döyüşçülərimizin zərbələrinə tab gətirməyərək geri çəkilməyə başlamışdır. 26 yanvar 1994-cü il tarixdə Füzuli rayonu uğrunda gedən qanlı döyüşlər isə, gizir G.Qarayevin son döyüşü oldu. Bu döyüşdə ağır yara alan gizir G.Qarayev gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə yüksəldi.
Gizir G.Qarayev Vətənimizin ərazi bütövlüyü uğrunda hərbi borcunu və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidentinin 6 may 2005-ci il tarixli sərancamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə (ölümündən sonra) təltif edilmişdir. Badamdar qəsəbəsinin küçələrindən birinə şəhid G.Qarayevin adı verilmiş, yaşadığı binaya isə onun baralyefi vurulmuşdur.
Əliyev Rauf İsmayıl oğlu
Sıravi Rauf Əliyev 1973-cü il iyunun 25-də anadan olub. Daxili Qoşunların sıralarında sıravi hərbi qulluqçu kimi xidmət edən Rauf, nizam-intizamı və nümunəvi xidməti ilə təkcə komandirlərinin deyil, yoldaşlarının da hörmətini qazana bilmişdir. Vətən qarşısında olan müqəddəs borcunu şərəflə yerinə yetirən sıravi R.Əliyev Ağdərə rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə cəsur hərbi qulluqçu kimi vuruşurdu. O, 1992-ci ilin iyulun 19-da məhz bu rayonun müdafiəsində qəhrəmancasına şəhid oldu. Rauf bəxtinə yazılan ömrünün 19 ilini şərəflə yaşadı və qəhrəmanlığı ilə əbədi ölümsüzlük – şəhidlik qazandı.
Vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi igidlik və şücaətə görə şəhid R.Əliyev Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 1992-ci il tarixli sərancamına əsasən “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir.
Ağayev Mirsaleh Mirqasım oğlu
Daxili Qoşunların digər şəhid hərbi qulluqçusu sıravi Mirsaleh Ağayev 1964-cü il noyabrın 3-də dünyaya göz açıb. Vətənin igid oğlu Mirsaleh Ağdərə rayonunun erməni daşnaklarından təmizlənməsi əməliyyatlarında fəal iştirak edib. Vətənə, torpağa olan sonsuz bağlılığı döyüşlərdə Mirsalehə mənəvi güc və qüvvət verirdi. Mirsaleh hər dəfə döyüşə girəndə sanki, düşməni son nəfərinədək məhv edəcəyinə inanırdı. Lakin 1992-ci il avqustun 14-də özü düşmən gülləsinə tuş gəldi. M.Ağayev aldığı ağır yaradan dünyasını dəyişdi. Beləliklə, Ağdərə rayonunun işğalçılardan təmizlənməsi uğrunda gedən qanlı döyüşlər zamanı Vətənin Mirsaleh adlı daha bir oğlu şəhidlik zirvəsini fəth etdi.
Qeyd edək ki, G.Qarayev, R.Əliyev və M.Ağayev qəsəbədəki 239 saylı orta məktəbin məzunu olmuşlar. Onların həyat və döyüş yolu bu gün təhsil alan məktəbli yeniyetmələr üçün də əsl qəhrəmanlıq nümunəsidir. Məhz şəhidlərimizin timsalında sabahın əsgərləri – şagirdlərimiz Vətəni sevməyi öyrənir, vətənpərvər ruhda tərbiyə olunurlar.
Son olaraq, yazımı ümummilli lider Heydər Əliyevin şəhidlərimiz barədə dediyi fikirləri ilə bitirmək istəyirəm: “Hər bir şəhid bizdən ötrü böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daima yaşayacaqdır”.
Anar Əhmədov,
Daxili Qoşunların zabiti,
baş leytenant