Əlişad QARAQASIMLI (Cəfərov Əlişad Tutuş oğlu) 1949-cu il fevral ayının 15-də Cəlilabad rayonunun Üçtəpə kədində anadan olub. Moskvada SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunu fərqlənmə diplomu ilə bitirib. AJB Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Poeziya” şöbəsinin müdiri və redaksiya heyətinin üzvüdür. Şeirləri respublikanın ən ünlü mətbu orqanlarında dəfələrlə dərc olunub.
Xalq şairi Rəsul Rzaya
Bu ağır itkini varlığım danar,
Necə ki, ölməzlər ölümü danıb.
Aprelin birində bir dost aldanar,
Aprelin birində bir xalq aldanıb.
Uca zirvələri çən-çisək aldı,
Yamaca nə qaldı, yala nə qaldı?
Dünyaya gəlməyin həqiqət oldu,
Dünyadan getməyin yalana qaldı.
Nurlu misraların, odlu sənətin,
Könlümdən kədəri talan eylədi.
Vuruldum aprelin birinə, şair,
Gerçək ölümünü yalan eylədi.
1 aprel 1981-ci il.
Dördlüklər
Dünyanı çiyninə alıbdı qoca,-
Əsir yük altında zəif dizləri.
Sual işarəsi olubdu qoca,
Çoxlu nöqtələr tək ayaq izləri…
* * *
Dörd divar içində bəslənən hər gün
Qapqara bir daşdır, ürək deyildir.
Kim deyir, arabir tamaşa üçün
Bu güniş üfüqlıər gərək deyildir?
* * *
Qovaram qəlbimdən ağrılarımı,
Canımla, qanımla yaradaram mən.
Leysanda islanan misralarımı,
İsti şəfəqlərlə qurudaram mən.
Dünya bu gün
Yenə dinləyirəm son xəbərləri-
Fələstin övladı yurddan qaçaqdır.
Azadlıq altında gizlənənlərin
Arzusu, əməli işğlaçılıqdır.
Oğrunun, əyrinin inadına bax:
Başına tac qoyub xalqını soyur.
Bu dövrün, zamanın inadına bax,
Qara xəbərləri Ağ evlər yayır.
Əzmini, gücünü açıq duyanlar,
Ölkədən-ölkəyə qovğa ələyir.
Mənliyi, varlığı bur heç olanlar,
Yüksək kürsülərdən çıxış eyləyir.
Həyadan, abırdan qalmayıb əsər:
Çoxu öz-özünü öyən olubdur.
Üz-üzə gəlməkdən çəkinən kəslər,
Efirdə döşünə döyən olubdur.
Dalayır qəlbimi min fəğan, min ah,
Silah yarışları başlayır bu gün.
Xalqın əlləriylə düzələn silah,
Xalqın sinəsinə tuşlanır bu gün.
Arzu istəyimi daş belə anlar,
Bütün varlıqlara qəlbim həyandır.
“İnsan hüququ”ndan çox danışanlar,
İnsan hüququnu tapdalayandır.
Qısqanıram mən
Hələ vərəq-vərəq oxunmamışam,
Gedişin-gəlişin oxunur sənin.
Bəyaz əllərinə toxunmamışam,
Küləklər saçına toxunur sənin.
Otuzu adlayıb gözləmir yaşım,
Sonsuz həsrətindən usanıram mən.
Zülmət gecələrə necə tapşıram,
Səni gündüzlərə qsıqanıram mən?!
Quşlar yuva qurar
Quruyub qalmışam çölün düzündə,
Əsən küləklər də mənim yağımdı.
İki gün dustağam bu yer üzündə,
İkicə gün olur azadlığım da.
Aydındır hər kəlmən ay işığıtək,
Əsərəm yarpaqtək sözünün üstə.
Aralı düşərik iki günlüyə,-
Quşlar yuva qurar izinin üstə.
Bermut üçbucağı
Arzular, əməllər gülə bilməyir,
Dəhşətli fikirlə oyanır orda.
Əqrəblər yükünü çəkə bilməyir,
Deyirlər, zaman da dayanır orda.
Dünyaya bir ümman kədər ələdi,
İlan tək qıvrılıb çaldı dünyanı.
İnsan vəhşiliyi azlıq eylədi,
Qorxunc bir dəhşət də aldı dünyanı.
Qaranquş
Ağın başqa yanadı,
Bir yanadı qaran, quş.
Mənə xoş xəbər gətir
Qayçı quyruq qaranquş
Ağın da var, qaran da
Niyə yoxdur sarın, quş?
Baharlı sevincindən
Küləkləri yaran quş
Qismətin bahar olsun
Görməyəsən boran, qış
Yazdan mənə köynək biç,
Qayçı quyruq qaranquş.
Payız dördlükləri
Ümidim bahara itməyibdi ki,
Ümidim qəlbimdə yaraqlanıbdı.
Hansı rəssamınsa əsərindəki
Qadıntək ağaclar çılpaqlanıbdı.
* * *
Payızda bir ağac gülə bələnib,-
Gizlədə bilməyib bahar heyrətin.
Payız yarpaqların məktub eyləyib
Yazır ünvanına əbədiyyətin.
* * *
Bahar çiçəkləri fikirlərimdə,
Payızlı bir nəğmə dindirib məni.
Qızıl paqonları çiyinlərimdə,-
Payız da rütbəyə mindirib məni…
* * *
Səmanı çiyninə görən aldımı?
Ağaclar anteytək çılpaq yaşayır.
Küləklər tələsən poçtalyonumdu,
Payızdan bahara məktub daşıyır.
Qurban olum
(Azad nəvəmin bir yaşına)
Süd qoxulu isti yumşaq
Yatağına qurban olum.
Təzə-təzə ayaq üstə
Durmağına qurban olum.
Gəl babanı salma dara
Ürəyinə vurma yara
Şirin-şirin xülyalara
Dalmağına qurban olum.
Ruhum uçdu, qəlbim güldü
Çox istəkli nəvəm gəldi.
Həftəsonu babangildə
Qalmağına qurban olum.
İzləyirəm izlərini,
Gəl qatlama dizlərini
Buta-buta gözlərinin
Qapağına qurban olum.
Mələksifət, açıqalın,
Səni sevir, sağın, solun.
Ağlayanda dördkünc olan,
Dodağına qurban olum.
Düşmən çəpərinə daş atdın
Nəslin başını ucaltdın
Azad babanı yaşatdın
Varlığına qurban olum.
Yerinə yetsin diləyin
Şad olsun kövrək ürəyin
Səni bizə bəxş eyləyən
Xaliqinə qurban olum.
* * *
SRRİ Yazıçılar İttifaqının M.Qorki adına Ədəbiyyat İnstitutunda mənə dərs deyən Rus dili müəlliməm-Korneeva İnna İllarionovnaya böyük məhəbbətlə həsr edirəm.
Gərək ürəyimi hər kəsə açam,-
Bir ülvi məxluqdan öyüd alıram.
Otuzu adlayıb
Ötsə də yaşım,
Hər dəfə yanında uşaq oluram.
Sənli günlərimi duman-çən almaz,
Ömrümün çiçəyi solmaz önündə.
Məndən küçələrdə
Dəcəli olmaz,
Məndən həlimi də olmaz önündə.
Min nöqsan görsən də, hər bir işimdə,
Çəkib qulağımı
Burmamısan heç.
Vaxt olub dərsinə gecikmişəm də
Qayıdıb üzümə
Vurmamısan heç…
Açıb qucağını Ana Vətən də.
Qəlbim də qırılmaz inamdı mənim.
Mənə ikinci bir
Dil öyrədən də,
Deməli,
İkinci Anamdı mənim.
Gərək hər ağırıya-acıya dözəm.
Böyükdür insanın
Səbri, deyirəm.
Bir rus qadınına
Anamdı, desəm,
Çatlamaz Anamın qəbri, deyirəm!..
ANA, SIZLADIM…
Sinəmin üstünə gərək daş qoyum.
Bu dərdi mən necə udum görəsən?!
Kimin dizlərinin üstə baş qoyum,
Kimin ətəyindən tutum görəsən?
Gözümdə bir damla yaş da qalmayıb.
Acı taleyimə, ANA, sızladım.
Mənim ki Analı günüm olmayıb,
Nə yaman, nə yaman Anasızladım!..
* * *
Tələbə dostum, tanınmış şair Maarif Soltana həsr olunur
Gözünü, könlünü bulud alsa da,
Özü bulud kimi boşalır, dolur.
İlhamı arabir ayıq olsa da,
Çox zaman gözləri yuxulu olur.
Zamanın özüylə yarışan kəsin
Yerişi-duruşu dağlardan ağır.
Yenilik eşqiylə alışan kəsin
Əynindən-başından köhnəlik yağır.
Əsrin tufanına sinə gərməyib
Süsəndən, sünbüldən ötür sazında.
Hələ ilk kitabı işıq görməyib
Yaşayır dahilik iddiasında.
Əyilir köksünə fikirli başı-
Sanki qurtaracaq kimisə, dardan.
Çəkir imtahana dostu, yoldaşı
Özü iki alır imtahanlardan.
Onun bu gününə acıyıb halım:
Bükülür yumaqtək fikrə dalanda.
O qədər tənbəki çəkir bu zalım,
Sinəsi fit çalır nəfəs alanda.
Atıb bir tərəfə eşqi, ilhamı,
Bir az qulaq asıb Haqqın səsinə:
İmkanım olsaydı, Maarif Soltanı
Çəkərdim yoldaşlıq məhkəməsinə!..