“Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü
Anamın əlləri
Anamın əlləri qocalır yaman,
Əllərinə cavan qırışlar düşür.
Aybaay, günbəgün ,saatbasaat
Cavanlığı barmağından sürüşür.
Anamın əlləri qocalır yaman,
Üstünə illərin ağrısı çökür.
Qocaman bir evin qayğı yükünü
İndi də qocalmış əlləri çəkir.
Bu qocalmış əllər cavan əllərin
Beşik yürgələyən xatirəsidi.
Anamın əlinə düşən qırışlar
Onun taleyinin xəritəsidi.
Anamın əlləri qocalır yaman,
Ömrümü bu qoca əllərə yazın.
Deyirlər torpağın altı soyuqdur,
Qəbrimi anamın əllində qazın.
Asaram özümü göyün üzündən …
Buludların ac it kimi
Elə hürür ki, üstümə, ilahi,
Məni yağışın tutacaq.
Qapından qayıdır dualarım da,
Məni qarğışın tutacaq.
Ömrüm il – il tökülür,
Daşlayıblar ömrümü.
Bir ulduzsuz gecəyəm,
Bir kimsəsiz küçəyəm.
Bu dəlisov yağışlar
Xoşlayıblar ömrümü.
Eh! Daha əlimi açmaram sənə,
Eh! Daha əllərim qoynumda qalar.
Asaram özümü goyün üzündən,
İlahi, ölümüm boynunda qalar.
Çağı küçələr
Axşam çağı küçələr
Tərk edilmək üçündü.
Üşüyən oturacaqlar
Əyninə xəzan geyir.
Göy üzündə yarım ay
Yarim gecə lampası.
Küləklər yelləncəkdə…
Aya, ulduza dəyir.
Ayrılığın bir ucu
Bu sarı qıza dəyir.
Sən də getdin, əzizim,
Eh! Elə onlar kimi.
Elə küçə kimiyəm,
Yıxılan yollar kimi.
Əllərim çətir olmur,
Yanağımı su aparır.
Indi sənin xəyalını
O aparır, bu aparır…