Yolçiyev Varis Musa oğlu — yazıçı, jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü[1].

Həyatı

Varis Yolçiyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1991-ci ildə “168 saat” qəzetinə baş redaktorluq, 1993-cü ildə “7 gün” qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının “Gecə kanalı” proqramının yaradıcılarından olub.

2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk “TV plyus” milli teleradio jurnalının baş redaktorudur.

Azərbaycanda və xarici ölkə mətbuatlarında yüzlərlə məqaləsi çıxıb, 2001-2005-ci illərdə dalbadal 5 dəfə müxtəlif beynəlxalq qurumlar tərəfindən (“European Market Research Center”, “Editorial Ofice” və s.) media mükafatlarına layiq görülüb. Müxtəlif illərdə “Dan ulduzu” ali jurnalistika mükafatına, “İlin ən yaxşı redaktoru” adına layiq görülüb. 18 kitabın (“Əsl insan haqqında”, “Azərbaycan prezidenti”, “Azərbaycan gəncliyi – Azərbaycanın gələcəyi” və s.) redaktoru olub. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri “Ulduz” jurnalında dərc edilib. 1990-cı illərdən başlayaraq isə onun ədəbi mətbuatda digər hekayələri (“Bir ovuc torpaq”, “Tənha yalquzağın nağılı”, “Əbədi məhəbbət dastanı”, “Səhər heç vaxt açılmayacaq”, “Sənə inanıram”, “Yol ayrıcında azıb qalanlar”) işıq üzü görüb. İlk bədii kitabı (“Sonuncu ölən ümidlərdir”) 2008-ci ilin noyabrında çap olunub. 2009-cu ildə yazıçının “Bir ovuc torpaq”, 2010-cu ildə “Sənə inanıram”, 2011-ci ildə “Yetmiş yeddinci gün” adlı növbəti kitabları işıq üzü görüb.

Əsərləri

Sonuncu ölən ümidlərdir (roman). Bakı: 2008, 350 səh.
Bir ovuc torpaq. Bakı: Vektor, 2009. 318 səh.
Sənə inanıram (roman). Bakı: Apostrof, 2010. 349 səh.
Yetmiş yeddinci gün (roman). Bakı:Apostrof, 2012. 479 səh.
Əzilmiş fotoşəkillər (roman). Bakı: Apostrof – 2012. 277 səh.
Sonuncu ölən ümidlərdir (roman). Bakı: Apostrof, 2012. 351 səh.
Metamorfoz. Bir gecənin əhvalatı (roman). Bakı: OL MMC, 2013. 199 səh.
Yol ayrıcında azıb qalanlar (roman). Bakı: n. y., 2013. – 349 səh.
Son məktub (roman). Bakı: “OL” MMC. 2014. 264 səh.
Yaşıl üzlü gündəlik (roman). Bakı: 2014.
Bitməyən matç (roman). Bakı : Çaşıoğlu, 2015. – 271 səh.
Əzilmiş fotoşəkillər (roman). Bakı: Hədəf Nəşrləri, 2016. 275 səh.
Üçbucaq (roman). Bakı: Qanun, 2016. 270 səh.
Uzaqdan gələn yağış (roman). Bakı: Kitab Klubu, 2017. 224 səh.
Uzaqdan gələn yağış (roman). Bakı: TEAS Press, 2018. 222 s.

Filmoqrafiya

Sənə inanıram (serial, 2013)

İstinadlar

Varis Rusiya Yazıçılar İttifaqının üzvü oldu