Sentyabrın 21-də Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının və “Möhtəşəm Azərbaycan” qəzetinin ofisində iki aylıq fasilədən sonra “Dəlidağ” və “Dan yeri” Ədəbi Birliklərinin, “Çeşmə” Ədəbi Məclisinin və Azərbaycan Aşıqlar Birliyi Sumqayıt Regional bölməsinin növbəti müştərək tədbiri keçirilmişdir.
Tədqirəlayiq haldır ki, bu dəfəki tədbirə “Zərif” qadın Ədəbi Məclisi də qoşulmuşdur.
Qarşıda duran tədbirlər planının müzakirəsinə həsr olunmuş tədbiri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Respublikanın Əməkdar jurnalisti Rafiq Oday açmış, tədbirin məqsəd və qayəsindən danışmışdır.
Qeyd olunmuşdur ki, ilin əvvəlindən başlayaraq keçirilən müştərək tədbirlər artıq ənənə və davamlı xarakter almış, ötən dövr ərzində istər Sumqayıtda, istərsə də Sumqayıtdan kənarda 50-dən artıq bir-birindən maraqlı tədbir keçirilmişdir.
Sonra tədbirlər planının müzakirəsinə başlanılmışdır. Bildirilmişdir ki, yaxın bir ay ərzində üç tədbirin keçirilməsi planlaşdırılır. Bunlardan biri Nisə xanım Heydərlinin oktyabrın 5-də “Poeziya evi”ndə keçirilməsi nəzərdə tutulan yeni işıq üzü görmüş “Bir taxt qurmuşam ölümə” şeirlər kitabının təqdimatı, ikincisi “Ədəbi körpülər” silsiləsindən Şabran şəhərində yaşayan ustad və veteran jurnalist Mürsəl Balayev, “Xaqani poeziya evi”nin direktoru, istedadlı şairə Ay Bəniz Əliyar və Quba ədəbi mühitinin yetirməsi istedadlı şairə Sevinc Məmmədova ilə Sumqayıt şəhər S.Vurğun adına mərkəzi kitabxanada oxucuların görüşünün təşkili (bu tədbirin tarixi MKS-nın direktoru, Əməkdar mədəniyyət işçisi Yeganə xanım Əhmədova ilə razılaşdırıldıqdan sonra bəlli olacaq), üçüncü tədbir isə M.Ə.Rəsulzadə adına kitabxana filialın tədbirlər planına uyğun olaraq oktyabr ayının 19-da Rafiq Odayla oxucuların görüşünün keçirilməsidir.
Tədbirlər planı ətrafındakı müzakirələrdə “Dəlidağ” Ədəbi Birliyinin sədr müavini Sevinc Qərib, “Zərif” qadın Ədəbi Məclisinin sədri, AYB Sumqayıt bölməsinin məsləhətçisi Xatirə Fərəcli, “Dan yeri” Ədəbi Birliyinin sədr müavini Nisə Heydərli, “Çeşmə” Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt Regional bölməsinin sədri Qənirə Mehdixanlı çıxış edərək öz fikir və mülahizələrini bölüşmüşlər.
Müzakirələrdən sonra dəyərli qələm sahibləri Sabir Yusifoğlu, Süleyman Sərraf, Xatirə Fərəcli, Qənirə Mehdixanlı, Sevinc Qərib, Nisə Heydərli, Lilpar Cəmşidqızı, Qaratel Azəri, Rahilə Veysəlli, Aygün Hacıyeva son dövrlərdə qələmə aldıqları şeirlərini oxumuşlar. Oxunan şeirlərin “Möhtəşəm Azərbaycan” qəzetinin növbəti sayında dərc edilməsi qərara alınmışdır.
Müzakirələrdə həmçinin veteran jurnalist Zümrüd Baloğlanova, “Bahar” jurnalının təsisçisi və baş redaktoru Ruhiyyə Bahar, teatrşünas, şair və tərcüməçi Vaqif Rəsuloğlu da yaxından iştirak etmişdir.
Sonra redaksiyanın dihər toplantı otağında çay süfrəsi arxasında teatrşünas, şair və tərcüməçi Vaqif Rəsuloğlunun yenicə nəfis şəkildə tərtib edilərək nəşr olunmuş, kiçikyaşlı uşaqlar və məktəblilər üçün yazılmış şeirlərdən ibarət “Hərflər, rəqəmlər” kitabının ilkin təqdimatı keçirilmişdir.
Təqdimatı giriş sözü ilə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Respublikanın Əməkdar jurnalisti, kitabın redaktoru Rafiq Oday açaraq kitab haqqında geniş məlumat vermişdir.
Təqdimat mərasimində çıxış edən qələm dostları Vaqif Rəsuloğlunu yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etmiş, bu kitabın bağçayaşlı uşaqlar və ibtidai sinif şagirdləri üçün dəyərli bir hədiyyə olduğunu vurğulamışlar. Kitabın tədris müəssislərində yayılması məqsədəuyğun sayılmışdır.
Sonda xatirə şəkilləri çəkilmişdir.
Mərcan Sabirqızı,
AJB üzvü, “Möhtəşəm Azərbaycan” qəzetinin baş redaktor müavini